BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi - İslam Hindistana 7-ci əsrdə ərəb tacirlər vasitəsilə çatmış, sonrakı yüzilliklərdə isə müxtəlif müsəlman sülalələri – xüsusilə Qəznəvilər, Qurlular, Dəlhi Sultanlığı və Böyük Moğol (Baburi) İmperiyası dövründə ölkənin siyasi və mədəni həyatında dərin iz buraxmışdır. Müsəlmanlar memarlıqda, ədəbiyyatda, dövlət quruculuğunda və iqtisadiyyatın inkişafında əsas rol oynamışdır.
Hazırda Hindistanda təxminən 200 milyon müsəlman yaşayır. Bu rəqəm onu dünyanın ikinci ən böyük müsəlman əhalisinə malik ölkəyə çevirir. Lakin bu say çoxluq təşkil etməsinə baxmayaraq, hüquqi və sosial cəhətdən getdikcə daha da təcrid olunaraq təhdid altına düşür.
Hindistanda islamofobiyanın yüksəlişi
2014-cü ildə Narendra Modinin rəhbərliyi ilə Bharatiya Janata Partiyası (BJP) hakimiyyətə gəldikdən sonra Hindistanda islamofobiya rəsmi siyasət səviyyəsinə qalxmağa başladı. Partiyanın arxasında dayanan ideoloji baza – Rashtriya Swayamsevak Sangh (RSS) – Hindistanın yalnız hindular üçün dövlət olması ideyasını təbliğ edir.
Bu ideologiyanın nəticələri:
- Qanuni ayrı-seçkilik - Milli Vətəndaş Qeydiyyatı (NRC) – milyonlarla müsəlmanı vətəndaşlıqdan məhrum etmək təhlükəsi
- "Sevgi cihadı" qanunları – müsəlman-hindu evliliklərinin kriminalizə edilməsi
- Hicab və azan qadağaları, və inək kəsməyə görə linç hadisələri
Müsəlmanlara qarşı ən sərt siyasətlər tətbiq edilən
ştatlar
Uttar Pradeş
Yogi Adityanathın rəhbərlik etdiyi bu ştatda müsəlmanlara qarşı zorakı reydlər və məscidlərin sökülməsi halları çoxdur.
Gucarat
2002-ci il müsəlman qırğını (1000-dən çox müsəlman öldürülüb) bu ştatın tarixində dərin yara buraxıb. Modi həmin vaxt Gucaratın baş naziri idi.
Karnataka
Hicab qadağası, müsəlman satıcılara qarşı boykot çağırışları, məktəblərdə diskriminasiya halları geniş yayılıb.
Assam və Madhya Pradeş
Burada müsəlman kəndlərinin
zorla boşaldılması, məscid və evlərin dağıdılması baş verib.
Dağıdılan və ya hücuma məruz qalan məscidlər: Siyahı və
təfərrüatlar
Babri Məscidi (Ayodhya, Uttar Pradeş)
- Tikilmə tarixi: 1528-ci ildə Babur sultanı tərəfindən inşa edilmişdir.
- Dağıdılma tarixi: 6 dekabr 1992
- Hindu millətçiləri bu məscidin Ramın doğum yeri üzərində tikildiyini iddia edərək onu yerlə-yeksan etdilər.
- 2000-dən çox insanın həyatını itirdiyi iğtişaşlar başladı. 2019-cu ildə Hindistan Ali Məhkəməsi həmin ərazidə hindu məbədi tikilməsinə icazə verdi.
Gyanvapi Məscidi (Varanasi, Uttar Pradeş)
- Tikilmə tarixi: 17-ci əsrdə Mogol imperatoru Aurangzeb tərəfindən inşa edilib.
- Hindular bu məscidin də əvvəlki hindu məbədinin üzərində tikildiyini iddia edir və məhkəmə prosesi davam edir.
- 2022-ci ildə məhkəmə icazəsi ilə məscid ərazisinə baxış keçirildi, bu da müsəlmanlar arasında böyük narahatlıq doğurdu.
Shahi Eidgah Məscidi (Mathura, Uttar Pradeş)
- Hindular bu məscidin Krişnanın doğulduğu yerin üzərində tikildiyini iddia edir.
- Hal-hazırda bu məsələ də məhkəməlikdir və müsəlmanların ibadət azadlığına təzyiq var.
Karnataka və Madhya Pradeşdə sökülən yerli məscidlər
- Son illərdə “qanunsuz tikili” adı ilə bir çox kənd və şəhərlərdə müsəlmanlara məxsus məscidlər sökülüb.
- Bəzi hallarda məscidlər “milli təhlükəsizlik” adı altında gecə saatlarında dağıdılıb.
Delhi 2020 iğtişaşlarında yandırılan məscidlər
- Paytaxt Dehlidə müsəlman ərazilərinə edilən hücumlar nəticəsində azı 12-dən çox məscid yandırılıb və ya vandalizmə məruz qalıb (məsələn, Ashok Nagar məscidi).
Beynəlxalq reaksiyalar və vətəndaş cəmiyyətinin mövqeyi
Beynəlxalq təşkilatlar, xüsusilə Amnesty International, Human Rights Watch və ABŞ Beynəlxalq Dini Azadlıqlar Komissiyası, Hindistanda müsəlmanlara qarşı diskriminasiyanı pisləyən hesabatlar yaymışdır. Lakin Hindistan hökuməti bu tənqidlərə ya reaksiya vermir, ya da onları “daxili işlərə müdaxilə” kimi qiymətləndirir.
Eyni zamanda Hindistanda bir sıra hindu vətəndaş cəmiyyəti qurumları və fərdi fəallar islamofobiyanın qarşısını almağa çalışsa da, bu səylər çox zaman hökumətin təzyiqləri ilə üzləşir.
Hindistan, Konstitusiyasında "sekulyar" dövlət olduğunu elan etsə də, faktiki olaraq bu sekulyarizm gündəlik həyatda pozulur. Müsəlmanlar ölkədə ən böyük azlıqlardan biri olaraq davamlı şəkildə hüquqdan, təhlükəsizlikdən və sosial bərabərlikdən məhrum edilir.
Beynəlxalq ictimaiyyət, İslam dünyası və insan hüquqları təşkilatları Hindistanda islamofobiyanın yüksəlişinə qarşı daha konkret mövqe tutmalı, həmçinin bu diskriminasiyaya qarşı təzyiq mexanizmləri qurmalıdır.