BAKI,AzerVoice Analitik təhlil mərkəzi
ABŞ prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında kəskin söz savaşı yaşanıb. Üç il ərzində ABŞ-ın Ukraynaya açıq dəstək verməsindən sonra Trampın fikrincə, artıq borcun ödənilmə vaxtı çatıb. O, müharibənin ABŞ-a 350 milyard dollara başa gəldiyini iddia edir, baxmayaraq ki, rəsmi rəqəmlər bu məbləğin 180 milyardı keçmədiyini göstərir. Lakin reallıqlar heç vaxt Trampın mövqeyindən geri çəkilməsinə səbəb olmayıb. O, üç ildən bəri davam edən müharibəni bitirəcəyini vəd etmişdi və indi bu vədini yerinə yetirmək üçün hər nə bahasına olursa-olsun çalışır. Bunun üçün bir tərəfdən Zelenskini hədələyir, digər tərəfdən isə Putinə yaxınlaşmağa çalışır.
Zelenski - qəhərəmandan “diktatora” necə çevrildi…
Tramp, Ukrayna prezidentini “diktator” adlandırmaqla bir çoxlarını təəccübləndirdi, lakin sonra bu ifadəsini geri götürərək jurnalistlərə “inanmıram ki, onu diktator adlandırmışam...” dedi. Vaşinqtondakı Yaxın Şərq İnstitutunun aparıcı tədqiqatçısı və ABŞ Dövlət Departamentinin keçmiş müşaviri Anna Borşevskaya Trampın bu ifadəsini “şok edici” adlandırıb və Zelenskini diktator kimi görmədiyini bildirib. Onun sözlərinə görə, “Ukrayna Rusiyanın əsassız təcavüzünün qurbanıdır. Burada vəziyyət çox sadədir: təcavüzkar Rusiyadır, qurban isə Ukrayna. Zelenski ölkəsini qorumaq üçün əlindən gələni edib.”
ABŞ-ın “The Hill” qəzetinin analitiki Nayl Stanic isə Trampın açıqlamalarına təəccübləndiyini, lakin bu cür qeyri-dəqiq bəyanatların Tramp üçün adi hal olduğunu qeyd edib. O bildirib ki, Zelenski 2019-cu ildə demokratik seçkilərlə prezident seçilib və ikinci turda 75% səs toplayıb.
Lakin ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin keçmiş Rusiya üzrə eksperti Rebekka Kofler Trampın fikrini dəstəkləyir və onu “amerikalılara həqiqəti söyləməyə cəsarəti çatan yeganə lider” adlandırır. Kofler Zelenskini “diktator” adlandıraraq bildirir ki, o, bütün müxalifət partiyalarını qadağan edib və qanunsuz prezidentdir, çünki may ayında onun səlahiyyət müddəti başa çatsa da, hərbi vəziyyət səbəbilə seçki keçirməyib. Onun fikrincə, Zelenski ABŞ-dan 300 milyard dolları “aldadaraq” alıb və Tramp bu məbləği geri qaytarmaq niyyətindədir.
Borşevskaya isə bu yanaşmanı tənqid edərək Ukraynanın müharibəni uduzmasının Avropa və dünya təhlükəsizliyi üçün ciddi nəticələri ola biləcəyini vurğulayır. O, Bayden administrasiyasının Ukraynaya daha çox kömək edə biləcəyini, lakin kifayət qədər dəstək vermədiyini qeyd edir.
Tramp müharibəni necə bitirəcək?
Trampın müharibəni necə bitirəcəyinə dair suallar artır. Stanic qeyd edir ki, Trampın Ukraynaya verilən yardımı azaltmaq niyyətində olduğu aydındır və Zelenskini sülh razılaşması imzalamağa məcbur edəcək. Ancaq bu yanaşmanın riskli olduğunu bildirir: “Bu, suveren bir dövləti işğal etdiyi üçün Putini mükafatlandırmaq deməkdir.”
Borşevskaya isə xəbərdarlıq edərək bildirir ki, Trampın strategiyası daha böyük xərclərə səbəb ola bilər. O, Trampın iddia etdiyi 350 milyard dolların əslində əhəmiyyətsiz olduğunu və Ukraynanın məğlubiyyətinin dünya üçün daha baha başa gələcəyini deyir: “Əgər Rusiyanın qalib gəlməsinə icazə verilsə, bu, dünyada digər diktatorları da cəsarətləndirəcək və qlobal nizamı təhlükəyə atacaq.”
Kofler isə Trampı “realist” adlandıraraq bildirir ki, “bu müharibə uduzulub” və ABŞ-ın resurslarını Rusiya ilə deyil, Çinə qarşı mübarizəyə yönəltməsinin vacib olduğunu vurğulayır.
Müharibənin maliyyə yükü ABŞ-da daxili siyasətə də təsir edir. Stanic qeyd edir ki, İraq və Əfqanıstan müharibələrindən yorulan amerikalılar xarici münaqişələrdə iştirak etmək istəmir. O bildirir ki, respublikaçılar əvvəllər Rusiyaya qarşı sərt mövqe tuturdular, lakin bu gün onlar daha çox “Amerika birinci” siyasətinə üstünlük verirlər.
Kofler isə Trampın “izolyasionist” olmadığını, əksinə, ABŞ və NATO-nun gücünü artırmaq üçün çoxşaxəli strategiya apardığını deyir. O bildirir ki, Trampın məqsədi Rusiyanı Çindən, İrandan və BRİKS-dən ayırmaq və NATO-nu gücləndirməkdir.
Borşevskaya isə Trampın aydın strategiyası olmadığını və Rusiya ilə Çin arasındakı əlaqəni zəiflətmək üçün real planı olmadığını bildirir. O, Moskva və Pekinin ortaq strateji məqsədlərinin olduğunu və onların birlikdə qlobal liberal nizamı dağıtmaq istədiyini vurğulayır. Sonda o xəbərdarlıq edir: “Əgər bu müharibə elə bir şəkildə bitərsə ki, biz təcavüzü mükafatlandırmış kimi görünək, bu, İrana və digər ölkələrə daha çox cəsarət verəcək və dünyada daha çox müharibəyə yol açacaq.”