BAKI, AzerVoice
Müasir ofis həyatında geniş yayılan ayaqüstə işləmə masaları uzun müddət oturmaqla bağlı sağlamlıq problemlərinə alternativ kimi təqdim olunur. Lakin mütəxəssislər bu masaların real təsirləri və sağlamlıq faydaları ilə bağlı ehtiyatlı mövqe sərgiləyirlər.
Fransa Milli İş Qəzaları və Peşə Xəstəliklərinin Qarşısının Alınması İnstitutunun (INRS) tədqiqatçısı Kevin Desbrosses, ayaqüstə durmağın oturmağa nisbətən bəzi üstünlükləri olduğunu bildirir. O, açıqlamasında qeyd edib ki, "hərəkətsiz davranış" aşağı enerji sərfiyyatı ilə uzun müddət oturmaq və ya uzanmaq kimi vəziyyətləri əhatə edir və ayaqüstə durmaq bu kateqoriyaya daxil edilmir.
“Ümumilikdə ayaqüstə durmaq oturmağa nisbətən daha sağlamdır. Lakin bu, ürək xəstəlikləri riskini azaltmaq anlamına gəlmir”- deyə Sidney Universitetindən tədqiqatçı Metyu Ahmadi isə aparılan araşdırmaların nəticələrinə əsaslanaraq deyib.
Onun sözlərinə görə, çox uzun müddət eyni vəziyyətdə ayaqüstə dayanmaq qan dövranı problemlərinə, varikoz və dərin ven trombozuna səbəb ola bilər.
Finlandiyanın Turku Universitetində aparılan digər bir tədqiqat isə iş yerində uzun müddət ayaqüstə dayanmağın yüksək qan təzyiqi ilə əlaqəli olduğunu üzə çıxarıb.
Mütəxəssislər hərəkətsiz həyat tərzinin sağlamlığa ciddi təsirlərini azalda biləcək əsas amilin gün ərzində hərəkətlilik olduğunu bildirirlər. Kevin Desbrosses hesab edir ki, təkcə günün ümumi oturma müddəti deyil, fasiləsiz oturma seanslarının uzunluğu da sağlamlıq baxımından zərərlidir. O, hər 30 dəqiqədən bir ayaqüstə qalxma və mövqeni dəyişməyi tövsiyə edir.
Fransa Milli Fiziki Aktivlik və Hərəkətsizlik Müşahidə Mərkəzindən Alisiya Fiyon isə bildirib ki, uzun müddət oturmaq arteriyaların genişlənmə qabiliyyətinə mənfi təsir göstərir, oksidativ stress yaradır və bu da iltihab proseslərini artırır. Bundan əlavə, uzunmüddətli oturmaq əzələlərin zəifləməsinə, şəkər səviyyəsinin pozulmasına və yüksək qan təzyiqinə səbəb ola bilər.