BAKI, AzerVoice, Nailə Babazadə
2019-cu ilin Yeni İl gecəsi Çinin Uhan şəhərində ilk dəfə etiologiyası məlum olmayan pnevmoniya halları qeydə alınıb. Bu virus daha sonra COVID-19 kimi tanındı və qısa müddətdə qlobal pandemiyaya çevrilərək milyonlarla insanın həyatına son qoydu.
Əvvəlcə Uhan Bələdiyyə Səhiyyə Təşkilatı tərəfindən bildirildi ki, bir neçə gün ərzində 44 Çin vətəndaşı bu xəstəliyə yoluxub, onlardan 11-i ağır vəziyyətdə olub. Xəstələr təcrid edilərək Uhan tibbi müəssisələrində müalicə alıblar.
Virus sürətlə yayılıb və 2020-ci il yanvarın 20-si tarixindən SARS-CoV-2 kimi tanınaraq Çin hökuməti tərəfindən B sinfi yoluxucu xəstəlik elan edildi. Növbəti illərdə virusun Alfa (Alpha), Beta, Qamma (Gamma), Delta və Omikron (Omicron) kimi beş əsas mutasiyası meydana çıxıb.
Pandemiya qlobal miqyasda təsir göstərib. ABŞ-da 2020-ci ilin martından etibarən müəssisələr və məktəblər bağlanıb, maska və sosial məsafə tədbirləri tətbiq olunub. Növbəti üç ildə 103 milyondan çox COVID-19 halı qeydə alınıb, 1,14 milyon amerikalı vəfat edib.
Virusun mənşəyi hələ də tam müəyyənləşdirilməyib, amma Uhan “wet market” (nəm bazar) bazarları ehtimal edilən mənbələrdəndir.
