BAKI,AzerVoice
1566-cı ildə Qanuni Sultan Süleyman Sigetvar qalasını almaq məqsədilə səfərə çıxdı, lakin qalaya son hücumdan əvvəl, 6/7 sentyabr gecəsi vəfat etdi. Onun ölüm xəbəri gizli saxlanıldı, çünki bu məlumatın yayılması ordunun əhval-ruhiyyəsini poza, düşmənin əlinə fürsət verə bilərdi. Baş vəzir Sokollu Mehmed Paşa bu xəbəri gizlətmək üçün böyük səy göstərdi və sanki sultan hələ sağ imiş kimi davranaraq qalanın alınmasını sürətləndirdi.
7 sentyabrda Sigetvar qalası fəth edildikdən sonra, vəliəhd olan Şəhzadə Səlimə (Kütahyada) həm qalanın alındığı, həm də atasının vəfat etdiyi barədə məktub göndərildi. Məktub 12 gün sonra ona çatdı və o, dərhal Kütahyaya qayıtdı. O gün cümə olduğundan şəhərin bütün məscidlərində onun adına xütbə oxundu.
II Səlim 5000 nəfərlik müşayiətlə yola çıxaraq 29 sentyabrda İstanbul sahilinə çatdı. Burada ilk şokunu yaşadı, çünki nə atasının ölümü ilə əlaqədar matəm, nə də qarşılayan dövlət adamları var idi. İskəndər Paşa vəziyyətdən xəbərsiz idi və hazırlıq görməmişdi. O, yeni padişahın adamını görəndə vəziyyəti anlayıb təcili hazırlıqlar gördü və II Səlimi Üsküdardan İstanbula gətirdi. Topqapı sarayına yerləşdikdən sonra şəhərdə top səsləri eşidildi və yeni padişahın taxta çıxdığı elan edildi.
II Səlim şəhərdə qaldığı üç gündə Eyüb Sultan və ata-babalarının türbələrini ziyarət etdi, kasıblara sədəqə payladı. Daha sonra alimlər və şəhərin tanınmış simaları ilə mərasimlə yola salındı. Belqrada yaxınlaşanda Sokollu Mehmed Paşadan məktublar aldı. Sokollu hələ xəbəri olmayan orduya hərəkət əmri verdi və nəhayət, Qanuninin cənazəsini müşayiət edən karvan Belqrad yaxınlığında dayandırıldı. Burada Qurani-Kərim oxunmağa başlandı və sultanın ölümü ordunun hər bir üzvünə elan edildi. Bu xəbər orduda dərin hüznə səbəb oldu.
II Səlim Belqradda ordunu qarşıladı, atası üçün ikinci dəfə cənazə namazı qılındı və cənazə ayrıca bir karvanla İstanbula yola salındı.
Taxt dəyişikliyi zamanı ənənəvi olaraq kapıkulu ordusuna bəxşiş verilməli idi. Lakin xəzinədə kifayət qədər vəsait olmadığından II Səlim bəxşiş vermədən taxta çıxdı. Bu isə yeniçərilər arasında narazılığa səbəb oldu.
Yeniçərilər, II Səlimin şəhərə girməsi ərəfəsində yolları bağlayaraq bəxşiş tələb etdilər. Şəhzadə Camisinin qarşısında toplaşıb alayın keçməsinə mane oldular. Yalnız Veziriazam Sokollunun müdaxiləsindən sonra II Səlim, əsgərlərə bəxşiş veriləcəyini bildirdi və gərginlik səngidi. İstanbul ikinci dəfə talan edilməkdən son anda xilas oldu.