BAKI, AzerVoice
24–25 iyun tarixlərində Haaqada keçiriləcək NATO sammitində Yaxın Şərqdəki münaqişələrə həsr olunmuş ayrıca iclasın keçirilməsi planlaşdırılmır.
AzerVoice xəbər verir ki, bu barədə Politico qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hazırda NATO üzvü olan dövlət başçılarının Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün rəsmi planı yoxdur. Qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın İrana mümkün hücum barədə söylədiyi fikirlər sammitin əvvəlcədən nəzərdə tutulmuş gündəliyinə qeyri-müəyyənlik gətirib.
Sammitin gündəliyi də məhz bu səbəbdən qısaldılıb. Trampın Kanadada keçirilən G7 sammitini vaxtından əvvəl tərk etməsi də NATO toplantısına təsirsiz ötüşməyib. Haaqadakı sammitdə uzun yekun bəyannamə əvəzinə yalnız qısa bəyanatların verilməsi planlaşdırılır.
Nəşr yazır ki, tədbirin proqramına sadəcə iki əsas hissə – rəsmi qəbul və bir iclas daxildir. Əvvəlki illərdə olduğu kimi iki və ya üç əsas tədbir bu dəfə nəzərdə tutulmayıb. Ukrayna Prezidenti Volodimir Zelenskinin yalnız qəbul mərasiminə dəvət olunduğu, lakin əsas iclasa qatılıb-qatılmayacağı hələ də qeyri-müəyyən olaraq qalır. Sammit çərçivəsində NATO–Ukrayna Şurasının iclası da planlaşdırılmayıb.
Məlumata görə, Yaxın Şərqdəki münaqişələr Trampa müdafiə xərclərinin ÜDM-in 5 faizinə qədər artırılması zərurətini gündəmə gətirmək imkanı yarada bilər. ABŞ Prezidentinin sammitdə də bu məsələ üzərində israrla dayanacağı gözlənilir.