BAKI, AzerVoice
İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın İranın nüvə obyektlərinə hava hücumu həyata keçirməsini və bununla da beynəlxalq hüquq normalarını, o cümlədən BMT Nizamnaməsini kobud şəkildə pozmasını qətiyyətlə pisləyib.
AzerVoice xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanatda bildirilib.
Bəyanatda, bu hücumun ABŞ-ın İsraillə birlikdə İranın suverenliyinə və ərazi bütövlüyünə qarşı birgə təcavüzü kimi qiymətləndirildiyi bildirilib.
"İran Xarici İşlər Nazirliyi ABŞ-ın İranın dinc nüvə obyektlərinə qarşı həyata keçirdiyi hərbi təcavüzü ən sərt şəkildə pisləyir. İran İslam Respublikası, ABŞ-ın hücumlarına qarşı bütün gücü ilə müqavimət göstərmək və ölkənin təhlükəsizliyini və milli maraqlarını qorumaq hüququnu özündə saxlayır" - deyə, bəyanatda qeyd olunub.
İran tərəfi həmçinin bildirib ki, Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə hücum nüvə silahlarının yayılmasının qarşısının alınmasına mane olur.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iyunun 22-ə keçən gecə ölkəsinin Hərbi Hava Qüvvələrinin İran ərazisində üç nüvə obyektinə – Fordo, Natanz və İsfahana qarşı uğurlu hücum həyata keçirdiyini açıqlamışdı. O, həmçinin İranı İsrail ilə münaqişəni dayandırmağa çağırmışdı.