BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi
Sudan ordusu ilə Sürətli Dəstək Qüvvələri (RSF) arasında davam edən münaqişə artıq yalnız döyüş meydanlarında və dağıdılmış şəhərlərdə deyil, həm də beynəlxalq məhkəmələrdə davam edir. Hər iki tərəf 2023-cü ilin aprelində başlayan müharibədən bəri törədilən cinayət və insan hüquqları pozuntularına görə bir-birini ittiham edir.
Bu dönüşüm – silahlı qarşıdurmadan hüquqi və diplomatik müstəviyə keçid – münaqişənin hərbi aspektləri ilə yanaşı, hüquqi və siyasi mübarizənin də sərtləşdiyini göstərir və gələcək güc balansını müəyyən edə bilər.
Haaqa diplomatik mənbələrinin verdiyi məlumata görə, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) ittiham şöbəsi Sudan ordusunu mülki şəxslərə qarşı ağır cinayətlərdə ittiham edən rəsmi dosyeni qəbul edib. Sənəd beynəlxalq hüquq ekspertləri və hüquq müdafiə təşkilatları tərəfindən hazırlanıb. Ordu rəhbərliyi, o cümlədən Port Sudandakı de-fakto hakimiyyət birbaşa ittiham olunur. Dosye Roma Statutunun 15-ci maddəsi əsasında rəsmi araşdırma tələb edir.
RSF də ittiham olunur
Bununla yanaşı, Sürətli Dəstək Qüvvələri də hüquqi təqibdən kənarda qalmayıb. “Sudani” Hüquq Müdafiə Qrupu və Darfur Vəkillər Birliyi əl-Faşir şəhərində baş verən insan hüquqları pozuntularının araşdırılması üçün qurbanlara hüquqi dəstək göstərdiklərini açıqlayıblar.
Şimal Darfurun paytaxtı olan Fəşir 500 gündən çox mühasirədə qaldıqdan sonra RSF tərəfindən ələ keçirilib. Rəsmi hesabatlarda mülki əhaliyə qarşı aclıq, işgəncə, adam oğurluğu, hətta heyvan yemi, ağac yarpaqları və ölmüş heyvan əti yeməyə məcbur edilmə kimi dəhşətli hadisələr təsvir olunur.
BMT hesabatları da RSF-i genişmiqyaslı qətliamlar, xəstəxanalarda xəstələrin öldürülməsi, mülki şəxslərin fidyə üçün saxlanılması və qadınların zorlanması kimi ciddi cinayətlərdə ittiham edir.
2005-ci ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qərara əsasən, Beynəlxalq Cinayət Məhkəməsi Darfurda baş verən cinayətlərə dair yurisdiksiyaya malikdir. Bu, təqdim olunan dosyelərə əlavə hüquqi ağırlıq qazandırır.
Sudan hökuməti Əl-Faşirdəki hadisələrlə bağlı araşdırma aparılması üçün BMT İnsan Haqları Şurasının Faktaraşdırma Missiyasına göndəriş verilməsini qəti şəkildə rədd edib. Ədliyyə naziri Abdulla Darf bildirib ki, Sudan bu missiya ilə əməkdaşlığı rədd edir və onun ölkəyə girişinə icazə verməyəcək.
Nazir qeyd edib ki, “milli suverenlik” məsələlərində Sudan öz daxili mexanizmlərinə güvənir və istənilən araşdırmanın xarici müdaxiləsiz aparılmalı olduğunu inanır. Lakin münaqişə və siyasi böhran davam edərkən beynəlxalq ictimaiyyət bu “daxili araşdırma”ların effektivliyini sual altında qoyur.
Münaqişə nəticəsində Sudanda milyonlarla insan didərgin düşüb, on minlərlə insan həlak olub. Xüsusilə Əl-Faşir şəhəri Darfur faciəsinin simvoluna çevrilib. Mühasirə nəticəsində şəhərin bazaları dağılıb, qida və tibbi yardım çatdırıla bilmir, aclıq və epidemiya təhlükəsi artır.
Qanunsuz silahlı qrupların və hərbi əməliyyatların davam etməsi ilə kəndlərdə və şəhərlərdə insanlar ən ibtidai vasitələrlə yaşamaq üçün mübarizə aparır.