Bakı,AzerVoice, Orxan Qədirzadə
Nigeriyanın şimal-mərkəzində yerləşən Niger ştatında katolik məktəbinə silahlı hücum zamanı qaçırılan şagirdlərin sayı 300-ü keçib.
AzerVoice xəbər verir ki, Xristianlar Assosiasiyasının (CAN) yerli şöbəsi hücum zamanı ümumilikdə 303 məktəbli və 12 müəllimin girov götürüldüyünü açıqlayıb.
Assosiasiyanın Niger ştatı üzrə sədri, Yepiskop Bulus Dauva Yohanna bildirib ki, qaçırılanlar arasında 10-18 yaş arası həm oğlan, həm də qız şagirdlər var. Hücum zamanı qaçmağa cəhd edən 88 şagirdin də silahlı şəxslər tərəfindən tutulduğu bildirilir.
Hadisə Niger ştatının Papiri icmasında yerləşən St. Mary’s Katolik Məktəbində baş verib. Hücum eyni bölgədə yerləşən Kebbi ştatında 25 məktəblinin qaçırılmasından cəmi dörd gün sonra qeydə alınıb.
Hazırda heç bir silahlı qruplaşma əməliyyata görə məsuliyyəti üzərinə götürməyib. Yerli hakimiyyət orqanları bildiriblər ki, girovların azad edilməsi üçün xüsusi təyinatlı dəstələr və yerli ovçular əməliyyata cəlb olunub.
Yepiskop Yohanna ştat rəhbərliyinin məktəbin dərslərə başladığı barədə bəyanatını əsassız adlandırıb.
“Biz heç bir rəsmi bildiriş almamışıq. Bu, məsuliyyətdən yayınmaq cəhdidir.”-yepiskop deyib.
O, ailələri sakit olmağa və təmkinli davranmağa çağırıb.
Mütəxəssislər bildirirlər ki, ölkədə silahlı qruplar məktəbləri "strateji hədəf" kimi görür və kütləvi qaçırmalar vasitəsilə diqqət toplamağa çalışırlar.
UNICEF-in məlumatına görə, Nigeriyanın silahlı qarşıdurmaların yaşandığı 10 ştatında məktəblərin yalnız 37 faizində təhlükə barədə erkən xəbərdarlıq sistemi mövcuddur.