Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Cared Kuşner...İvankanın əri, İsrailin ortağı və Trampın strateji tərəfdaşı

    19 Oktyabr 2025 16:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analiti Təhlil Mərkəzi

    ABŞ Prezidenti Donald Trampın Qəzza üçün elan etdiyi 20 maddədən ibarət sülh planının detalları açıqlandıqdan qısa müddət sonra məlum oldu ki, onun kürəkəni Cared Kuşner bu razılaşmanın tamamlanmasında əsas rol oynayıb.

    Mart ayında əvvəlki atəşkəs razılaşmasının çökməsindən sonra danışıqlar uzun müddət dayandırılmışdı. Kuşnerin “HƏMAS”la yeni razılaşmaya nail olmaqda göstərdiyi israr, atəşkəsin bərpası və “HƏMAS”la konsensus əldə olunması prosesində əsas amil oldu. Razılaşma, həmçinin qalan israilli girovların azad edilməsi və yüzlərlə fələstinli məhbusun azad olunmasını da təmin etdi.

    Kuşner və Trampın xüsusi elçisi Stiv Vitkofun “HƏMAS”ın yüksək səviyyəli liderlərindən biri olan Xəlil əl-Hayya ilə birbaşa görüş keçirməsindən sonra, İsrail və “HƏMAS” danışıqları arasındakı durğunluq nəhayət sona çatdı.
    Bu görüşdə girov mübadiləsi və atəşkəs barədə razılaşma əldə olundu. Vitkof və Kuşner - Trampın ilk prezidentliyi dövründə “İbrahim Sazişləri”nin bağlanmasında da əsas rol oynamışdılar - sonradan Qüdsə yola düşərək razılaşmanı İsrail Baş naziri Benyamin Netanyahu və hökumət üzvlərinə təqdim etdilər. İsrail hökuməti 9 oktyabr tarixində bu sazişi təsdiqlədi.

    Trampdan Kuşnerin bu prosesdəki rolu barədə soruşulduqda, o belə cavab verib:“Cared çox ağıllı insandır. O, İbrahim sazişlərini icra etdi. O, regionu və insanları yaxşı tanıyır, həmçinin bütün oyunçuları da yaxşı bilir.”

    Hətta demokratlar da bu sülh razılaşmasının əldə olunmasında iştirak ediblər. ABŞ-ın sabiq İsrail səfiri Tomas R. Nayds, Kuşnerin rolu barədə deyib:“Cared İbrahim sazişlərində fövqəladə rol oynadı. O, Bibini (Netanyahunu) yaxşı tanıyır və ərəb ölkələri ilə işləməyi çox yaxşı bacarır.”

    Bildirilir ki, Kuşnerin Tramp administrasiyası adından uğurlu vasitəçi kimi çıxış etməsi təsadüfi deyil - bu, onun bölgədəki böyük kommersiya maraqlarından qaynaqlanır.

    Kuşner 2021-ci ildə “Affinity Partners” adlı investisiya şirkətini təsis edib və bu şirkət vasitəsilə Yaxın Şərqdə strateji əlaqələr qurub. İsraillə bağlı əlaqələrinə gəlincə, Kuşner uşaqlığından bəri İsraili ziyarət edib və onun ailəsi Netanyahu ilə yaxın dostluq münasibətlərinə malikdir.
    Xüsusilə Kuşnerin atası, tanınmış İsrail tərəfdarı və donor Çarlz Kuşner bu münasibətlərin əsas sütunlarından biridir. Məlumatlara görə, Netanyahu Nyu-Cersidəki Kuşner ailəsinin evində çox vaxt keçirib, orada qonaq qalıb, hətta gənc Caredin yataq otağında gecələyib, Cared isə o zaman evin zirzəmisində yatırmış.

    ABŞ-ın yüksək səviyyəli rəsmiləri bildiriblər ki, Kuşner əvvəlcə sülh danışıqlarının son mərhələsində qeyri-rəsmi müşavir kimi çıxış edib, lakin son aylar bu prosesdəki iştirakı intensivləşib.

    Avqust ayında yayılan xəbərlərə əsasən, Kuşner və Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyer Ağ Evdə Qəzza məsələsinə həsr olunmuş bir iclasda iştirak ediblər və Trampa müharibədən sonrakı mərhələ üçün ideyalar təqdim ediblər. Diplomatik mənbələr “Financial Times” qəzetinə bildiriblər ki, Kuşner və Bleyer, Bleyerin rəhbərlik etdiyi “Tony Blair Institute for Global Change” mərkəzi vasitəsilə, bir ildir Qəzza üçün sülh planı üzərində işləyirlər.

    Sentyabrın sonunda Kuşner Netanyahu ilə keçirilən görüşlərdə iştirak edib və Trampın 20 maddədən ibarət sülh planını müzakirə edib. Bu səylər Kuşner və Vitkofun Yaxın Şərqə həyata keçirdiyi sürətli diplomatik səfərlə nəticələnib.

    Demək olar ki, Trampın birinci prezidentliyi dövründə Kuşner və həyat yoldaşı İvanka Tramp Ağ Evdə ən nüfuzlu şəxslərdən idilər. Onlar prezidentlə birbaşa əlaqəyə malik idilər və çox geniş məsələlərdə - Yaxın Şərq sülh danışıqlarından tutmuş “COVID-19” vaksinlərinin hazırlanmasına qədər - təsir gücünə sahib olmuşdular.

    Dövlət idarəçiliyində təcrübəsi az olsa da, Nyu-Cersidən olan daşınmaz əmlak vasitəçisi və investor Kuşner Trampın rəsmi müşaviri kimi çalışıb və bəzən Ağ Evdə keçirilən mətbuat konfranslarında çıxış edib. Bununla belə, həm o, həm də İvanka Tramp hökumətdəki təsir dairələrinə görə ictimai və media tənqidlərinin hədəfinə çevriliblər, həmçinin peşəkar və şəxsi maraqları birləşdirməkdə ittiham olunublar.

    Nyu-York elitasında böyük nüfuza malik olan cütlük, Ağ Evdə keçirdikləri illər ərzində maliyyə açıqlamaları, etik yoxlamalar və davamlı mediada təqiblərlə üzləşiblər. Kuşner həmçinin 2016-cı il seçkilərində Rusiyanın müdaxiləsi ilə bağlı aparılan istintaqa, eləcə də ailəsinin daşınmaz əmlak layihələri üçün götürülən kreditlərlə bağlı suallara cəlb edilmişdi.

    Kuşner öz xatirələrində (“Breaking History: A White House Memoir” – “Tarixi dəyişmək: Ağ Ev xatirələri”) qarşılaşdığı çətinlikləri belə təsvir edir:

    “Biz çətinliklərlə üzləşəcəyimizi bilirdik, amma bizi gözləyən tufanın nə qədər şiddətli olacağını bilmirdik. Bəlkə də xoşbəxtlikdən bilmədik… Vaşinqtonun amansız təbiətinə - hücumlara, istintaqlara, mediada yayılan saxta xəbərlərə və ən pisi, Ağ Evin öz içindəki arxadan zərbələrə - heç nə bizi hazırlaya bilməzdi.”

    O və həyat yoldaşı 2021-ci ildə vəzifələrini tərk etdikdən sonra Manhattendən respublikaçıların dayağı olan Mayamiyə köçüblər. İvanka bir podkastda belə deyib:“Siyasət çox qaranlıq bir dünyadır. Bu sahə mənə insan kimi sevinc və məmnuniyyət gətirmir.”

    Kuşner 1981-ci ilin 10 yanvarında Nyu-Cersinin Livingston şəhərində anadan olub. O, milyarder və daşınmaz əmlak iş adamı Çarlz Kuşnerin dörd övladından biridir. Atası həmçinin Demokrat Partiyasının və bir çox xeyriyyə təşkilatlarının böyük donorlarından biri olub.

    Cared Kuşner Harvard Universitetini 2003-cü ildə bitirib. 2005-ci ildə atası Çarlz vergi yayınması, şahidlərə təzyiq göstərməsi və qanunsuz siyasi ianələr verməsi ittihamları üzrə özünü günahkar sayıb və iki il müddətinə həbs cəzası alıb. O zaman bu işi aparan ABŞ prokuroru, gələcəkdə Nyu-Cersi qubernatoru olacaq Kris Kristi idi - daha sonra Kuşner onunla Trampın seçki kampaniyası zamanı eyni komandada çalışdı.

    Atası həbsdə olduğu müddətdə Cared ailə biznesini idarə etməyə başladı və atası ilə sıx əlaqəsini qorudu. 2006-cı ildə “New York Observer” qəzetini satın alaraq 20 yaşlarının ortasında nəşrin sahibi və redaktoru oldu. 2007-ci ildə isə Manhattendəki 666-cı Beşinci prospektdə yerləşən ofis binasını 1,8 milyard dollara satın alaraq ABŞ daşınmaz əmlak tarixində rekord məbləğ ödəyən investor kimi ad qazandı. 2008-ci ildə “Kuşner Şirkətləri”nin baş direktoru vəzifəsini tutdu.

    Təxminən iki illik münasibətdən sonra Kuşner 2009-cu ilin oktyabrında Nyu-Cersidəki Bedminster şəhərində İvanka Tramp ilə evlənib. Onların üç övladı var: Arabella, Cozef və Teodor.

    Bu gün sual yaranır: Kuşner davam edən və mürəkkəb sülh prosesində yenə də əsas fiqur olaraq qalacaqmı? Onun üstünlükləri - Trampa birbaşa çıxışı, maliyyə imkanları və Yaxın Şərqdə qurduğu geniş əlaqələr şəbəkəsi - bunu mümkün edir. Kuşnerin özü isə belə deyir: “Mən ehtiyac olanda kömək və məsləhət vermək üçün buradayam”

    Hazırda rəsmi vəzifəsi olmayan və heç bir inzibati nəzarətə tabe olmayan Kuşnerin Trampa ən böyük yardımı hələlik yalnız atəşkəsin əldə edilməsinə nail olmaqla məhdudlaşıb. Amma bu, hələ tam sülh demək deyil.

    #Qəzza #Qəzza zolağı #Donald Tramp #Donald Tramp və Qəzza planı #İbrahim Sazişlərinin təsiri #Donald Tramp Ukrayna müharibəsi haqqında #Tony Blair və illuminati əlaqəsi #Galilee International Management Institute #Əbu İvanka #Cared Kuşner #Tony Blair Institute for Global Change (TBI) #Xəlil əl-Hayya #Institute for Global Change #Tony Blair Faith Foundation #İbrahim Sazişlər #Vitkof #Affinity Partners #Çarlz Kuşner #Tony Blair Institute for Global Change #İvanka Tramp #Breaking History: A White House Memoir #New York Observer
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-da Trampa qarşı kütləvi etiraz aksiyaları keçirilib

    19 Oktyabr 2025 11:45

    Rəfah buraxılış məntəqəsi növbəti xəbərdarlığa qədər bağlı qalacaq - Netanyahu

    18 Oktyabr 2025 21:15

    ABŞ-ın vitse-prezidenti Vens və xüsusi elçisi Uitkof İsrailə səfər edəcək - Trampın Qəzza planı gündəmdə

    18 Oktyabr 2025 18:20

    Qəzza sazişi – Ankaranın Suriyada diplomatik qələbəsi

    18 Oktyabr 2025 10:19

    İspaniya cəzalandırılmalıdır - Tramp

    17 Oktyabr 2025 22:36

    Tramp keçmiş müşaviri Con Boltonun həbsi ilə bağlı qalmaqalın mərkəzində

    17 Oktyabr 2025 21:12

    Qəzzada 1 milyondan artıq qadın və qız uşağı yardıma ehtiyac duyur - BMT

    17 Oktyabr 2025 17:44

    Tramp Çin lideri ilə iki həftə içində görüşəcəyini açıqlayıb

    17 Oktyabr 2025 16:29

    Sərhəddəki Gərginlik: Pakistan, Əfqanıstan və Yeni Regional Dizayn

    17 Oktyabr 2025 15:29

    Əgər HƏMAS Qəzzada insanları öldürməyə davam etsə, onları öldürməyə gedəcəyik- Tramp

    17 Oktyabr 2025 10:05

    İsrailin avadanlıq girişinə icazə verməməsi, əsir cəsədlərinin təhvilini gecikdirir - HƏMAS

    17 Oktyabr 2025 10:01

    Qəzzada HƏMAS-a qarşı yeni silahlı qüvvə yarandı - beynəlxalq yardım çağırışı

    17 Oktyabr 2025 09:52
    Demo
    XƏBƏR LENTİ

    Eyfel Qülləsi söküləcəkmi?

    Türkiyədən Çinə polad ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Cared Kuşner...İvankanın əri, İsrailin ortağı və Trampın strateji tərəfdaşı

    Türkiyənin Ceyhan limanı 14 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    Təqaüdçülər üçün ən cəlbedici ölkələr açıqlanıb - Avropa liderliyini qoruyur

    Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracı 42 milyon dolları keçib (ÖZƏL)

    İraq yeni seçkilərə hazırlaşır - beşinci parlament dövrü siyasi ifliclə yekunlaşır

    Türkiyədə dövlət xəstəxanası təmizlik ləvazimatları alacaq

    İraqlıların Türkiyədən daşınmaz əmlak alışı artıb (ÖZƏL)

    Alkoqol xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biridir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.