BAKI, AzerVoice, Nailə Babazadə
Türk müdafiə sənayesinin ən mühüm layihələrindən sayılan KAAN qırıcı təyyarəsi və GÖKBEY helikopteri Səudiyyə Ərəbistanının diqqət mərkəzindədir. Masadakı ən maraqlı variantlardan biri hər iki platformanın Səudiyyə Ərəbistanında istehsalı üçün orada xüsusi istehsal xəttinin qurulmasıdır. Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında son dövrlərdə sürətlənən hərbi əməkdaşlığın TUSAŞ-ın vasitəçiliyi ilə daha yüksək səviyyəyə qalxacağı gözlənilir.
AzerVoice xəbər verir ki, Riyadda keçirilən "World Defense Show 2026" sərgisində TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu mühüm açıqlamalar verib. O, Səudiyyə Ərəbistanı ilə KAAN layihəsi üzrə danışıqların Prezident Rəcəb Tayyib Ərdoğanın son səfərindən sonra ən üst səviyyəyə çatdığını bildirib.
Demiroğlu istehsal xəttinin qurulması ilə bağlı kritik şərti açıqlayıb.
"Məsələn, 20 ədəd KAAN və ya 20 ədəd GÖKBEY üçün burada istehsal xətti qurmaq səmərəli deyil. TUSAŞ olaraq biz bu rəqəmi 50-yə qədər endirə bilirik. Yəni, burada istehsalın başlaması üçün ən azı 50 KAAN və 50 GÖKBEY sifarişi olmalıdır. Səudiyyə tərəfi ilə bu rəqəmləri müzakirə edirik, onların da belə bir istəyi var." - deyə Demiroğlu qeyd edib.
TUSAŞ-ın gələcək layihələri barədə də məlumat verən Demiroğlu, may ayının əvvəlində keçiriləcək "SAHA İstanbul" tədbirində ilk dəfə nümayiş etdiriləcək məhsullardan danışıb. Onun sözlərinə görə, şirkət həmin vaxt yeni kamikadze PUA-larını və həm pilotsuz, həm də pilotlu helikopter layihələrini ictimaiyyətə duyuracaq.
PUA və qırıcıların birgə fəaliyyəti
KAAN qırıcısının ANKA-3 və digər pilotsuz sistemlərlə inteqrasiyası istiqamətində işlərin sürətlə davam etdiyini bildirən baş direktor, KAAN ordunun istifadəsinə verilmədən əvvəl onun digər platformalarla rabitə qurma, hədəfi yönləndirmə və "sürü konsepti" ilə idarə olunma xüsusiyyətlərinin tam hazır olacağını vurğulayıb.