BAKI,AzerVoice, Nailə Babazadə
Türk Hava Qüvvələri 1911-ci ildə qurulduğu gündən bəri təyyarə ehtiyacını əsasən xarici ölkələr hesabına qarşılasa da, 2026-cı il bu asılılığın bitdiyi və milli layihələrin inventara daxil olduğu tarixi bir dönəm olacaq. KAAN, KIZILELMA və ANKA-3 kimi nəhəng layihələr Türkiyənin hava gücünü həm kəmiyyət, həm də keyfiyyət baxımından yeni mərhələyə daşıyır.
AzerVoice xəbər verir ki, 2026-cı il üçün ən böyük gözlənti beşinci nəsil milli döyüş təyyarəsi olan KAAN-ın yenilənmiş prototiplərinin uçuşlarıdır. Türk Hava Qüvvələrinə 2029-cu ildə təhvil verilməsi planlaşdırılan KAAN üçün bu il sınaqların ən intensiv dövrü olacaq. Paralel olaraq, pilotsuz döyüş təyyarəsi konsepsiyasını real əməliyyat müstəvisinə daşıyacaq KIZILELMA və "uçan qanad" formasına malik, görünməzlik (stealth) xüsusiyyətli ANKA-3-ün bu il inventara daxil edilməsi gözlənilir.
Türkiyənin ilk insanlı reaktiv mühərrikli təyyarəsi olan HÜRJET-də sınaqlar son mərhələyə çatıb. İspaniyaya ixracat uğuru qazanan bu təyyarənin 2027-ci ilə qədər TSK-ya təhvil verilməsi planlaşdırılır. Həmçinin, HÜRKUŞ layihəsinin daha təkmil versiyası olan HÜRKUŞ-2 üzərində işlər sürətlənib.
Milli istehsalla yanaşı, mövcud aviaparkın modernizasiyası da diqqət mərkəzindədir. ÖZGÜR layihəsi çərçivəsində F-16 qırıcıları milli AESA radarları və avionika sistemləri ilə təchiz edilərək müasir döyüş şərtlərinə uyğunlaşdırılır.
Ekspertlərin fikrincə, milli platformaların inventara daxil olması və xaricdən tədarük ediləcək Typhoon qırıcıları ilə Türkiyə yaxın gələcəkdə regionda ən ciddi hava gücü proyeksiyasına sahib ölkələrdən biri olacaq.