BAKI, AzerVoice, Orxan Qədirzadə
İlin sonunadək Suriya Demokratik Qüvvələrinin (SDQ) Suriya dövlət strukturlarına inteqrasiyası ilə bağlı razılaşmanın qorunub saxlanılması məqsədilə intensiv diplomatik səylər davam edir.
AzerVoice xəbər verir ki, KİV-in yaydığı məlumata görə gecikmələr fonunda artan narazılığa baxmayaraq, son günlər danışıqların tempi yüksəlib. Bununla yanaşı, bəzi tərəflər ilin sonuna qədər genişmiqyaslı irəliləyişin əldə olunmasının çətin olacağını istisna etmirlər.
Məlumata görə Suriya keçid hökuməti ölkənin şimal-şərqinə nəzarət edən SDQ-yə yeni təklif göndərib. Təklifə əsasən, SDQ-nin təxminən 50 min döyüşçüsünün üç əsas diviziya və daha kiçik briqadalar şəklində yenidən təşkil olunmasına açıq münasibət göstərilir. Bunun qarşılığında isə SDQ-nin bəzi komanda strukturlarından imtina etməsi və nəzarət etdiyi əraziləri Suriya ordusunun digər hissələri üçün açması tələb olunur.
Mənbələr qeyd edir ki, bu yanaşmanın razılaşmaya çevrilib-çevrilməyəcəyi hələ də qeyri-müəyyəndir. SDQ nümayəndələrindən biri Reuters-ə açıqlamasında “razılaşmaya indiyədək olduğundan daha yaxınıq” deyib. Digər Qərb rəsmisi isə mümkün açıqlamaların əsasən prosesi uzatmaq, tərəflərin mövqelərini qorumaq və ölkədə sabitliyi saxlamaq məqsədi daşıya biləcəyini bildirib.
Bununla belə, mənbələrin əksəriyyəti vurğulayır ki, 10 mart tarixində imzalanmış razılaşmada nəzərdə tutulan – SDQ-nin ilin sonuna qədər ordu və digər dövlət qurumlarına tam inteqrasiyası səviyyəsinə çatmaq yaxın müddətdə real görünmür.
Analitiklər xəbərdarlıq edir ki, Suriyada mövcud dərin parçalanmaların aradan qaldırılmaması ölkənin 14 illik münaqişədən çıxış prosesini risk altına qoya, həmçinin SDQ-ni terrorçu qurumla əlaqəli hesab edən və müdaxilə ehtimalını istisna etməyən Türkiyəni də cəlb edə biləcək yeni silahlı toqquşmalara zəmin yarada bilər.
Tərəflər bir-birini prosesi uzatmaqda və etimadsız davranışda ittiham edir. SDQ münaqişə dövründə ABŞ-nin əsas tərəfdaşı kimi əldə etdiyi muxtariyyətdən imtina etməyə ehtiyatla yanaşır. Qrup şimal-şərqi Suriyada neft və buğda ehtiyatlarının böyük hissəsinə nəzarəti saxlayır.
KİV-lərin yaydığı məlumata görə, ABŞ tərəfi SDQ ilə Dəməşq arasında əlaqələrin qurulmasına yardım göstərir və razılaşmanın əldə olunması üçün danışıqları asanlaşdırır. ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak Suriya hökuməti ilə SDQ arasında dialoqun dəstəklənməsini davam etdirir.
Bu fonda Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlamasında Ankaranın hərbi üsullara üstünlük vermək istəmədiyini, lakin SDQ ilə bağlı səbrin tükənmək üzrə olduğu barədə xəbərdarlıq edib.
Kürd tərəfi isə inteqrasiyanın “ədalətli” şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayaraq, son tarixlərin mütləq meyar olmadığını bildirir. Şimal və Şərqi Suriya Muxtar İdarəsinin nümayəndəsi Sihanuk Dibo qeyd edib ki, razılaşmanın qüvvədə qalması üçün əsas amil zaman deyil, onun məzmunudur və prosesin 2026-cı ilin ortalarınadək davam etməsi mümkündür.