BAKI, AzerVoice, Səməd Əyyubov
Türkiyənin Balıkesir vilayətində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, zəlzələ Balıkesirin Sındırqı rayonunda yerli vaxtla saat 12:35-də (Bakı vaxtı ilə saat 13:35-də) baş verib. Yerlatı təkanların ocağı 7,72 kilometr dərinlikdə yerləşib.
İnsan tələfatı və ya dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 786 artçı zəlzələ baş verib.
AFAD-ın məlumatına görə, əsas zəlzələ 11 avqust saat 19:53-də (Bakı vaxtı ilə saat 20:53-də) qeydə alınıb, 11 km dərinlikdə baş verib. İlk ardıcıl sarsıntı isə cəmi 4 dəqiqə sonra – saat 19:57-də (3,7 bal gücündə) qeydə alınıb.
Zəlzələ təkcə Balıkəsirdə deyil, İzmir, İstanbul, Kütahya, Manisa, Eskişehir, Aydın, Sakarya, Tekirdağ, Yalova və Uşak daxil olmaqla bir sıra şəhərlərdə də hiss olunub. İstanbulda bir çox vətəndaşlar evlərini tərk edərək park və açıq sahələrdə gözləyib.