BAKI, AzerVoice, Nərmin Ağayeva
Oman və Qətər Türkiyəyə 12 Eurofighter verəcək.
AzerVoice xəbər verir ki, Yunanıstanın “Kathimerini” nəşri Türkiyənin dörd Avropa Birliyi ölkəsi ilə imzaladığı Eurofighter Typhoon müqaviləsini təhlil edərək yeni iddia irəli sürüb. Qəzetin məlumatına görə, Türkiyənin ümumilikdə 40 ədəd döyüş təyyarəsi alacağı razılaşma çərçivəsində 28-i yeni istehsal ediləcək, qalan 12-si isə hazırda bu təyyarələrdən istifadə edən Körfəz ölkələri – Oman və Qətər tərəfindən təmin olunacaq.
Məlumata əsasən, İspaniya Türkiyəyə lazım olan təyyarələrin təhvil verilməsini təmin etmək üçün öz planlaşdırılmış tədarüklərini təxirə salıb. Qətər və Omandan alınacaq 12 Eurofighterin 2026-cı ildə Türkiyəyə təhvil verilməsi, yeni istehsal edilən qırıcıların isə 2028-ci ildən etibarən istifadəyə verilməsi gözlənilir.
Qeyd edək ki, Türkiyə iyul ayında Böyük Britaniya, Almaniya, İtaliya və İspaniyanın birgə istehsal etdiyi 4,5 nəsil çoxməqsədli döyüş təyyarəsi Eurofighter Typhoon ilə bağlı Anlaşma Memorandumu imzalayıb. Razılaşma çərçivəsində Türkiyənin hava qüvvələrinin imkanlarının gücləndirilməsi nəzərdə tutulur.