BAKI, AzerVoice, Nərmin Ağayeva
Çanaqqalanın Gelibolu şəhərində baş verən meşə yanğını tam nəzarət altına alınıb.
AzerVoice xəbər verir ki, Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı, meşə qəhrəmanlarının fədakar səyləri sayəsində yanğının tamamilə nəzarət altına alındığını açıqlayıb. Nazir sosial media hesabında bildirib ki, meşələrimizi qorumaq vətəni qorumaqla eyni əhəmiyyətə malikdir və vətəndaşlardan yaşıl vətənin qorunmasında həssaslıq göstərmələri gözlənilir.
Qeyd edək ki, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin tabeliyində fəaliyyət göstərən Meşə Baş İdarəsi (OGM) bu il ərzində 5 mindən çox meşə yanğını ilə mübarizə aparıldığını açıqlayıb.
Idarənin sosial media hesabında yayımlanan məlumatda qeyd olunub ki, bu günə qədər baş verən 4 min 980 yanğın ictimaiyyətin diqqətindən kənarda qalmasına baxmayaraq vaxtında nəzarət altına alınıb və böyümədən söndürülüb. Bununla belə, 20 yanğın nəzarətdən çıxaraq daha böyük ərazilərə ziyan vurub, can itkisi və şəhid xəbərləri ilə nəticələnib.