BAKI, AzerVoice, Nərmin Ağayeva
Türkiyənin 5 şəhərində mütəşəkkil cinayət qruplarına qarşı aparılan əməliyyatlarda 41 nəfər saxlanılıb, onlardan 26-sı həbs edilib.
AzerVoice xəbər verir ki, daxili işlər naziri Ali Yerlikaya əməliyyatların Aydın, Hakkari, Ankara, Balıkəsir və Mersin vilayətlərində keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, saxlanılan şəxslərdən 26-sı barəsində həbs qərarı çıxarılıb, 9 nəfərə məhkəmə nəzarəti tədbiri tətbiq edilib, digər şəxslərlə bağlı istintaq davam etdirilir.
Maliyyə Cinayətləri İstintaq İdarəsinin (MASAK) məlumatına görə, həbs edilən şübhəlilərin bank hesablarında ümumilikdə 1,2 milyard türk lirəsi həcmində pul dövriyyəsi aşkarlanıb və həmin hesablara qarşı ehtiyat tədbirləri görülüb.
Əməliyyat nəticəsində Aydında iş yerlərinə təzyiq və hədə-qorxu yolu ilə əl qoyan şəxslər saxlanılıb. Hakkaridə qanunsuz mərc saytlarına yönləndirmə yolu ilə vətəndaşları aldadan şəbəkə üzvləri tutulub. Ankara və Balıkəsirdə narkotik alveri ilə məşğul olan dəstələrə zərbə vurulub. Mersində isə silah qaçaqmalçılığı ilə bağlı cinayətkar qrup zərərsizləşdirilib.
Qeyd edək ki, Əli Yerlikaya əməliyyatların koordinasiyasında iştirak edən Respublika Baş Prokurorluğunu, İl Jandarma Komandirliklərini və MASAK əməkdaşlarını təbrik edərək, mütəşəkkil cinayət qruplarına qarşı mübarizənin qətiyyətlə davam edəcəyini vurğulayıb.