BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyədə 2025-ci ilin yay mövsümü yüksək temperatur, aşağı rütubət və güclü küləklərlə müşayiət olunan meşə yanğınları ilə keçib. Türkiyə Meşə Baş İdarəsinin (OGM) yaydığı məlumata görə, ölkə Aralıq dənizi iqlim qurşağında yerləşən digər ölkələr kimi bu il də ciddi yanğın riski ilə üz-üzə qalıb.
AzerVoice xəbər verir ki, rəsmi statistikaya əsasən, bu dövr ərzində Avropanın müxtəlif ölkələrində baş verən yanğınlarda 440 min hektar, Türkiyədə isə 64 min 500 hektar sahə zərər görüb.
OGM rəhbəri Bekir Karacabey-in verdiyi açıqlamaya görə, 1 yanvar – 17 avqust tarixləri arasında ölkə üzrə ümumilikdə 5 min 231 yanğın qeydə alınıb. Bunlardan 2 min 239-u meşə sahələrində, 2 min 992-si isə meşəxarici ərazilərdə baş verib. Statistik göstəricilər göstərir ki, yanğınların 57 faizi məhz meşəxarici ərazilərdə başlayıb və külək, yüksək istilik səbəbindən qısa müddətdə meşəlik sahələrə yayılıb. Nəticədə 64 min 500 hektar sahə ciddi ziyan görüb.
Karacabey bildirib ki, meşəxarici ərazilərdə — əkin sahələri, kolluqlar, yol kənarları və boş torpaqlarda baş verən yanğınların əksəriyyəti anız yandırılması, sahə təmizliyi zamanı istifadə edilən alov və diqqətsiz şəkildə atılan şüşə və cam parçaları ilə əlaqəlidir.
Son günlərdə artan nəqliyyat vasitəsi yanğınları və yol kənarlarına atılan siqaret izmaritləri də meşə yanğınlarına səbəb kimi göstərilir. Karacabey qeyd edib ki, yüksək hava temperaturu və qurumuş otlar kiçik bir qığılcımı belə böyük fəlakətə çevirə bilər. Avtomobil yolları və tali yol kənarlarında baş verən yanğınların əhəmiyyətli hissəsi sürücülərin atdığı siqaret izmaritlərindən qaynaqlanır.
OGM rəhbəri əlavə edib ki, son həftələrdə avtomobillərdə, xüsusilə də mühərrik hissələrində baş verən texniki nasazlıqlardan qaynaqlanan yanğınlar küləyin təsiri ilə sürətlə meşələrə yayıla bilir. Siqaret izmariti atmaq və avtomobilə düzgün qulluq etməmək halları qanunla cəzalandırılır. Karacabey vətəndaşları bu məsələdə daha məsuliyyətli olmağa, meşə və meşəxarici ərazilərdə od qalamaqdan çəkinməyə, şübhəli tüstü hallarında dərhal 112 Təcili Çağrı Mərkəzinə məlumat verməyə və yanğınsöndürmə işlərinə mane ola biləcək davranışlardan uzaq durmağa çağırıb.