BAKI, AzerVoice, Səməd Əyyubov
Türkiyə, Azərbaycan və Gürcüstan arasında üçtərəfli xarici işlər nazirlərini görüşünü ölkəmizin ev sahibliyində keçirməyi planlaşdırırıq.
AzerVoice xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
"Xüsusilə xarici siyasət və təhlükəsizlik sahələrində Azərbaycan ilə güclü mexanizmlər vasitəsilə regional sülh və əməkdaşlığa töhfə veririk. Növbəti Üçtərəfli Xarici İşlər Nazirləri görüşünü yaxın zamanda ölkəmizin ev sahibliyində keçirməyi planlaşdırırıq. Məclislərimiz açıldıqdan sonra isə Üçtərəfli Parlament Sədrləri Toplantısını təşkil etməyi nəzərdə tuturuq" - deyə, Ərdoğan bildirib.
O, həmçinin qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam gücü ilə işləməyə başlaması böyük əhəmiyyət kəsb edir.
"Orta Dəhlizin əsas dayaqlarından olan Bakı–Tbilisi–Qars dəmir yolunun tam gücü ilə işləməyə başlaması hamımız üçün böyük əhəmiyyət daşıyır" - deyə, o vurğulayıb.
Ərdoğan bildirib ki, Türkiyə ilə Gürcüstan arasında ticarət əlaqələri inkişaf etməyə davam edəcək.
“Ticarət və investisiya əlaqələrimizi inkişaf etdirməyə davam edəcəyik. 17 ildir Gürcüstanın ən böyük ticarət tərəfdaşı olmamız, münasibətlərimizin möhkəm təməl üzərində qurulduğunu göstərir. Ticarət hədəfimiz olan 5 milyard dollara doğru inamla irəliləyirik. Türkiyənin birbaşa investisiyaları 2,5 milyona yaxınlaşır" - , o deyib.
Qeyd edək ki, bu gün Rəcəb Tayyib Ərdoğan ilə Mixeil Kavelaşvili arasında ikitərəfli görüş keçirilib.