Əsas səhifə » Bu gün İstanbulda Ukrayna-Rusiya danışıqlarının üçüncü raundu keçiriləcək

Bu gün İstanbulda Ukrayna-Rusiya danışıqlarının üçüncü raundu keçiriləcək

BAKI, AzerVoice

Ukrayna və Rusiya arasında sülh danışıqlarının yeni raundu bu gün İstanbulda keçiriləcək.

AzerVoice xəbər verir ki, Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putinin müşaviri və baş müzakirəçi Vladimir Medinski rəhbərlik edir.

Ukrayna tərəfini isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerov təmsil edir.

Danışıqların gündəliyində bir sıra vacib məsələlər yer alır. Əsas mövzular sırasında əsirlərin dəyişdirilməsi, müharibə zamanı oğurlanaraq Rusiya ərazisinə aparılmış ukraynalı uşaqların geri qaytarılması, eləcə də münaqişə zonasındakı humanitar vəziyyətin yaxşılaşdırılması məsələləri dayanır.

Xatırladaq ki, bu, son beş ayda İstanbulda keçirilən üçüncü görüşdür. Əvvəlki iki görüşdə müəyyən humanitar razılaşmalar əldə edilmiş, xüsusilə də əsir mübadiləsi ilə bağlı konkret addımlar atılmışdı. Sonuncu görüş 2 iyun 2025-ci il tarixində baş tutmuşdu.

Danışıqların nəticələri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Tərəflərin günün ikinci yarısında mətbuata məlumat verməsi gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice