BAKI, AzerVoice
Almaniya, uzun müddətdir gündəmdə olan Türkiyəyə Eurofighter Typhoon döyüş təyyarələrinin satışına rəsmi təsdiq verib.
AzerVoice xəbər verir ki, Almaniyanın “Der Spiegel” nəşrinin yaydığı məlumata görə, Almaniya Federal Təhlükəsizlik Şurası Türkiyəyə 40 ədəd Eurofighter Typhoon döyüş təyyarəsinin satışına rəsmi şəkildə razılıq verib.
Bununla yanaşı, “Deutsche Welle”nin verdiyi xəbərə görə, Almaniya bu qərarını həm Yunanıstana, həm də Böyük Britaniyaya bildirib.
Eurofighter Typhoon döyüş təyyarələri Avropanın ən böyük müdafiə sənayesi istehsalçılarından biri olan BAE Systems (Böyük Britaniya), Airbus (Almaniya–İspaniya–Fransa) və Leonardo (İtaliya) tərəfindən birgə istehsal olunur. Satış prosesi dörd ölkənin kollegial razılığına əsaslanır və bu prosesdə əsas maneə Almaniya idi. Lakin yeni Berlin hökuməti, Baş nazir Fridrix Mersin rəhbərliyi altında daha müsbət mövqe nümayiş etdirmişdi.
Londonda Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə keçirdiyi mətbuat konfransında çıxış edən Mers, “İxrac lisenziyaları barədə müzakirələr apardıq. Hələ yekun qərar verilməyib, amma yaxşı bir razılaşmaya doğru irəliləyirik,” deyərək razılığa yaşıl işıq yandırmışdı.
Qeyd edək ki, Avropa Birliyi istehsalı olan Eurofighter Typhoon çoxfunksiyalı döyüş təyyarəsi kimi bütün dünyada diqqət çəkir. İki mühərrikli quruluşu və delta qanad dizaynı bu təyyarənin çevikliyini və yüksək sürətdə üstün performansını təmin edir. Bundan əlavə, qabaqcıl elektron sistemləri onu müasir hava döyüşlərinin əvəzolunmaz vasitəsinə çevirir.