Əsas səhifə » Rusiya-ABŞ əməkdaşlıq sazişi Ukrayna münaqişəsinə son qoyacaq - Siyarto

Rusiya-ABŞ əməkdaşlıq sazişi Ukrayna münaqişəsinə son qoyacaq - Siyarto

BAKI, AzerVoice

Ukraynadakı hərbi münaqişənin həlli üçün Rusiya və ABŞ arasında hərtərəfli əməkdaşlıq sazişi tələb olunur. Bu sazişin imzalanması dünya üzrə təhlükəsizliyin güclənməsinə də səbəb ola bilər.

AzerVoice-un məlumatına görə, bu fikri Nyu-Yorkda BMT tədbirlərində iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto səsləndirib.

“Ukraynadakı müharibənin başa çatması üçün Rusiya ilə ABŞ arasında böyük, hərtərəfli və çoxşaxəli əməkdaşlıq sazişi lazımdır” – deyə, o bildirib.

Nazir qeyd edib ki, bu mövqeyini Nyu-Yorkda həmkarları, eləcə də BMT baş katibi Antonio Quterreşlə keçirəcəyi görüşlərdə ifadə edəcək.

“Əgər yaxın həftələr və ya aylarda belə hərtərəfli Rusiya-ABŞ sazişi əldə olunsa, dünya daha təhlükəsiz yerə çevriləcək və Üçüncü Dünya Müharibəsi riski aradan qalxacaq. Amma əgər belə bir razılaşma baş tutmasa, əgər Ukraynada hərbi münaqişə daha da kəskinləşsə, bu, dünya iqtisadiyyatı və siyasəti üçün gözlənilməz nəticələrə səbəb olacaq və dünya ciddi Üçüncü Dünya Müharibəsi təhlükəsi ilə üz-üzə qalacaq” – deyə, Siyarto vurğulayıb.

“Bunu mütləq önləmək lazımdır. Ona görə də biz sülhün, danışıqların və atəşkəsin tərəfdarıyıq. Biz bu mövqeyimizi digər Avropa ölkələrindən gələn hücumlara baxmayaraq davam etdirəcəyik” – deyə, o əlavə edib.

Qeyd edək ki, bundan əvvəl də Macarıstan hökuməti bəyan etmişdi ki, Siyartonun fikrincə, Ukrayna münaqişəsi yalnız Rusiya və ABŞ arasında geniş məsələlər spektri üzrə razılaşma əldə olunacağı halda həll edilə bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice