BAKI, AzerVoice
Türk əsrində heç bir terror təşkilatı üçün keçid yoxdur və olmayacaq.
AzerVoice xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən tədbirdə çıxış edərək bildirib ki, "Türk əsrində nə FETÖ-yə, nə də başqa heç bir terror təşkilatına keçid yoxdur və olmayacaq".
Ankarada təşkil olunan “Zəfərin Adı: Türkiyə” proqramında şəhid
ailələri və qazilərlə bir araya gələn nazir bildirib ki, Türk
dövlətinin gücü, xalqın imanı və qətiyyəti ilə hər cür xəyanət
zərərsizləşdiriləcək.
“Sonuncu xain ədalətə təslim edilənə qədər mübarizəmiz dayanmadan
davam edəcək. Bu müqəddəs vətən torpaqları yalnız şəhid və
qazilərimizin əmanəti deyil, eyni zamanda millətimizin iradəsinin
qalasıdır”. - deyə Yerlikaya deyib.
Nazir xatırladıb ki, 15 iyul gecəsi millət bütün imkanları ilə xain çevrilişə qarşı durub, “tankların qarşısına sinəsini sipər etmiş”, “səmanı işıqlandıran ürəklərlə” gecəni aydınlığa çevirmişdi.
“Xainlər bir şeyi unudublar: bu millət şəhidliyi şərəf sayır”, deyən Yerlikaya əlavə edib ki, FETÖ və digər terror təşkilatlarına qarşı əməliyyatlar aramsız şəkildə davam edir. O qeyd edib ki, son əməliyyatlar çərçivəsində 3861 şübhəli saxlanılıb, 3245 nəfər isə həbs edilib.
Qeyd edək ki, nazir çıxışında Türkiyənin böyük və qüdrətli gələcəyi uğrunda mübarizənin davam etdiyini vurğulayaraq, “Bu davanın sonunda yazılacaq cümlə budur: Zəfərin Adı Türkiyədir.” - deyə bildirib.