BAKI, AzerVoice
Türkiyənin ticarət naziri Ömər Bolatın Gürcüstana planlaşdırılan
rəsmi səfəri çərçivəsində iki ölkə arasında Azad Ticarət
Müqaviləsinin (STA) mənşə qaydalarının yenilənməsi üçün fərman
imzalanacaq.
AzerVoice xəbər verir ki, nazirliyin
məlumatına görə, Bolatın Gürcüstan prezidenti Mixeil Kavelaşvili və
baş nazir İrakli Kobaxidze ilə keçirəcəyi görüşlərdə ticarət
həcminin 5 milyard dollara çatdırılması üçün atılacaq addımlar,
gömrük və logistika sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə
olunacaq.
Səfər çərçivəsində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili və maliyyə naziri Laşa Xutişvili ilə də ikitərəfli görüşlər keçiriləcək. Əlavə olaraq, Türkiyə-Gürcüstan Biznes Forumunda hər iki ölkədən olan iş adamları bir araya gələcək, potensial layihələr və ortaq iqtisadi imkanlar dəyərləndiriləcək.
STA-nın əsas maddələrindən biri olan mənşə qaydaları Pan-Avropa-Aralıq dənizi Regional Konvensiyasına (PAAMK) uyğunlaşdırılacaq. Bu yenilənmə 2026-cı ildən qüvvəyə minəcək və Türkiyə ilə Gürcüstan arasında çarpaz-kumulyativ mənşə əsasında ticarətin və regional təchizat zəncirlərinin davamlılığını təmin edəcək.
Xatırladaq ki, 2008-ci ildən qüvvədə olan STA iki ölkə arasında sənaye məhsullarına tətbiq olunan rüsum və kəmiyyət məhdudiyyətlərini aradan qaldırıb. Hazırda tərəflər kənd təsərrüfatı və xidmətlər sahəsini də əhatə edən protokolun yekunlaşdırılması istiqamətində işləri davam etdirirlər.
Qeyd edək ki, 2008-ci ildə 1,5 milyard dollar olan Türkiyə-Gürcüstan ticarət dövriyyəsi 2024-cü ildə 3,4 milyard dollara yüksəlib. Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşı olmaqla yanaşı, ölkədə 1,5 milyard dolları aşan investisiya yatırımları ilə də önə çıxır. Gürcüstanda 2200-dən çox türk şirkəti fəaliyyət göstərir və bu günədək podrat sektorunda 5,6 milyard dollarlıq 304 layihə həyata keçirilib.