Əsas səhifə » Boluda tibbi fabrikdə yanğın baş verib

Boluda tibbi fabrikdə yanğın baş verib

BAKI, AzerVoice

Boluda tibbi ləvazimat fabrikində güclü yanğın baş verib.

AzerVoice xəbər verir ki, Türkiyədə Bolunun Karacasu bölgəsində yerləşən tibbi ləvazimat fabrikində baş verən güclü yanğınla əlaqədar əraziyə fövqəladə hallar və xilasetmə qrupları cəlb olunub.

Alovun ətrafdakı evlərə keçməsinin qarşısını almaq üçün yanğınsöndürmə işləri davam etdirilir.

Yanğın yerli vaxtla saat 13:30 radələrində başlayıb. Qısa müddətdə fabriki bürüyən alov səbəbilə Bolu şəhərinin bir çox nöqtəsindən qalxan qara tüstü müşahidə olunub. Hadisə yerinə sağlamlıq, AFAD, xilasetmə, Meşə Region Müdirliyi, jandarma və polis qrupları göndərilib.

Hazırda yanğının nəzarət altına alınması üçün həm yerli, həm də regional səviyyədə tədbirlər görülür. Alovun yaxınlıqdakı yaşayış evlərinə keçməsinin qarşısını almaq məqsədilə intensiv müdaxilə həyata keçirilir.

Qeyd edək ki, hadisə ilə bağlı hələlik tələfat və ya xəsarət barədə məlumat yoxdur.

Digər Kateqoriyalar

2025 © Azervoice