BAKI, AzerVoice
Türk əsilli Cengiz Şahan Avropa ölkəsində general rütbəsinə yüksəlib.
AzerVoice xəbər verir ki, Niderlandda
yeni yaradılmış Hava Dəstəyi Komandanlığının rəhbərliyinə türkiyəli
mənşəli briqada generalı Cengiz Şahan təyin olunub.
Bu təyinatla Şahan, Niderland tarixində bu vəzifəyə gətirilən ilk
türk əsilli zabit olub.
Yeni struktur daxilində Niderland Kral Hərbi Hava Qüvvələrinin Woensdrecht Logistika Mərkəzi və Kral Hərbi Hava Akademiyası bir əmrlə birləşdirilib. Həmçinin bəzi Avropa İttifaqı ölkələrindən olan kiçik bölmələr də bu komandanlığın tərkibinə daxil edilib. Təşkil olunan yeni quruma briqada generalı rütbəsi ilə Cengiz Şahan rəhbərlik edəcək.
Qeyd edək ki, Cengiz Şahan 2003-cü ildə Hollandiya Ordusunda kapitan rütbəsi daşıyarkən Türkiyədə sıravi əsgər kimi hərbi xidmətini Burdurda yerinə yetirib. O zaman Şahan Diyarbakıra göndərilən Niderland Patriot hava hücumundan müdafiə sisteminin komandasında xidmət göstərib.
"Ölkəmin müdafiəsində yer almaq mənim üçün qürurvericidir. Türkiyəyə gəldiyim üçün çox xoşbəxtəm. İkili vətəndaş olduğum üçün burada da hərbi xidmət borcumu yerinə yetirirəm." - deyə Ərzurum əsilli Şahan həmin illərdə verdiyi açıqlamada belə demişdi.