BAKI, AzerVoice
Ukrayna Prezidenti Volodimir Zelenski, çoxsaylı vətəndaşlığın leqallaşdırılmasına dair qanunu imzaladığını və bu sistemin tətbiq olunacağı ölkələrin siyahısının hazırlanmasına göstəriş verdiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, bu barədə o "Telegram" kanalında yazıb.
“Ali Radadan dərhal mənə göndərilən sənədləri – çoxsaylı vətəndaşlıq haqqında qanunu imzaladım. Bu qanunun həyata keçirilməsi üçün bütün normativ sənədlərin dərhal hazırlanıb qəbul olunması barədə göstəriş verdim. Artıq bu sistemin tətbiq olunacağı ilk tərəfdaş ölkələrin müəyyən olunmasına başlaya bilərik” – deyə o, bildirib.
Qeyd edək ki, Ukrayna Ali Radası 18 iyun tarixində bu qanunu ikinci və yekun oxunuşda qəbul edib. Sənəd, eyni zamanda, ukraynalıların Rusiyaya qarşı sanksiyalar tətbiq etmiş dövlətlərin vətəndaşlığını eyni vaxtda daşımalarına imkan verir. Lakin daha sonra deputatlar iki bloklayıcı qətnamə təqdim etdikləri üçün qanun parlament sədri tərəfindən imzalana və prezidentə göndərilə bilməmişdi. Deputat Yaroslav Jeleznyakın verdiyi məlumata görə, bu qətnamələrin ləğvi 15 iyul tarixində baş tutub və sənədin icrası üçün hüquqi əngəllər aradan qaldırılıb.