BAKI, AzerVoice
Türkiyə terror bəlasından qurtuluş astanasındadır.
AzerVoice xəbər verir ki, Milliyyətçi
Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli separatçı terror
təşkilatı PKK-nın özünü ləğv etməsi və silahı yerə qoyması ilə
bağlı yazılı açıqlama yayıb.
Bahçeli bu qərarı “yarım əsrə yaxın davam edən zorakılıq və
vəhşiliyin sonu” kimi qiymətləndirib.
O bildirib ki, 27 fevral İmralı bəyanatından sonra başlanan “Sülh və Demokratik Cəmiyyətə Çağırış” prosesinə uyğun olaraq PKK 2025-ci ilin mayında 12-ci qurultayını keçirərək silahı yerə qoymaq qərarını rəsmiləşdirib. Onun sözlərinə görə, “qurucu rəhbərlik bu dəfə sözünün üstündə durub və regional təhlükələri vaxtında qiymətləndirib”.
MHP lideri eyni zamanda Demokratik Bərabərlik və Demokratiya Partiyasının (DEM) da bu prosesdə balanslı və məsuliyyətli mövqe sərgilədiyini vurğulayıb. “DEM Partiyası min illik qardaşlığın tərəfində dayandı”, – deyə Bahçeli qeyd edib.
Devlet Bahçeli “Terrorsuz Türkiyə” hədəfinin artıq dövlət siyasətinə çevrildiyini, prezident Rəcəb Tayyib Ərdoğan və hökumətin bu məsələdə qətiyyətli iradə ortaya qoyduğunu bildirib. O, Milliyyətçi Hərəkat Partiyası və Xalq İttifaqının bu müddətdə heç bir təxribata uymadan mövqeyini qoruduğunu da vurğulayıb.
“Təxribat yaratmaq istəyənlər olsa da, silahların təhvil
verilməsi ilə yeni dövr başlayır. Terrorsuz Türkiyə firavanlığın,
milli birliyin və sülhün əsas təminatçısı olacaq”, – deyə o,
çıxışını tamamlayıb.
Qeyd edək ki, bu gün Süleymaniyyədə PKK-nın ilk silah buraxma
mərasimi keçirilib və prosesin mərhələli şəkildə davam etdirilməsi
planlaşdırılır.