BAKI, AzerVoice
Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə irəliləyən “Terrordan Azad Türkiyə” prosesi çərçivəsində PKK terror təşkilatının silahı yerə qoyma mərasimi bu gün İraqın Süleymaniyyə şəhərinin Raperin rayonunda baş tutacaq.
AzerVoice xəbər verir ki, PKK lideri
Abdullah Öcalanın fevralın 27-də etdiyi çağırışdan sonra başlanan
prosesin ilk mərhələsində 33-44 nəfərlik bir qrup silahlarını təyin
olunmuş mərkəzə təhvil verəcək.
Tədbir geniş təhlükəsizlik tədbirləri ilə həyata keçirilir və media
nümayəndələrinin canlı yayıma çıxışı məhdudlaşdırılıb.
Mərasimdə iştirak edəcək əsas fiqurlar arasında bunlar yer alır:
PKK liderləri Bese Hozat və Mustafa Karasu,
Kürdüstan Demokratik Partiyasının (KDP) nümayəndəsi Hemin Hawrami,
Kürdüstan Regional Rəhbəri Neçirvan Bərzaninin nümayəndəsi Dilşad Şahab,
İraq və Kürdüstan Daxili İşlər Nazirliklərinin təmsilçiləri, o cümlədən briqada generalı Tarık Əhməd.
PUK, DEM partiyası, DBP və HDK-nın nümayəndə heyətləri.
Məlumata görə, bu prosesin monitorinqi və dəstəklənməsi məqsədilə Diyarbəkirdən 150 nəfərlik nümayəndə heyəti Süleymaniyyəyə yola düşüb. Onların arasında Demokratik Regionlar Partiyasının həmsədrləri Çiğdem Kılıçgün Uçar və Keskin Bayındır, DEM Partiyasının Qadın Məclisi sözçüsü Halide Türkoğlu, hüquq müdafiəçiləri, yazıçılar, jurnalistlər və müxtəlif vətəndaş cəmiyyətinin üzvləri yer alır.
Qeyd edək ki, bu mərasim “Terrordan Azad Türkiyə” planının ilk mərhələsini təşkil edir və prosesin növbəti aylarda genişlənməsi gözlənilir. Təşkilatın logistik bazalarının dağıdılması və düşərgələrin tərksilahla paralel boşaldılması planlaşdırılır.