BAKI, AzerVoice
Türk ordusunun beş əsgəri şəhid olub.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamada deyilir.
"İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı çərçivəsində 28 may 2022-ci il tarixində keçirilən mağara axtarış-təmizləmə əməliyyatı zamanı terrorçuların açdığı atəş nəticəsində leytenant Nuri Melih Bozkurt şəhid olub, lakin güclü atəş səbəbindən nəşinə çatmaq mümkün olmayıb. Ərazi nəzarətə götürülüb, terrorçular zərərsizləşdirilib, lakin aparılan bütün axtarışlara baxmayaraq şəhidimizin nəşinə hələ də çatılmayıb.
Axtarış işləri zamanı nəşin ola biləcəyi bütün sahələr xüsusi təyin olunmuş heyətlər tərəfindən diqqətlə yoxlanılır. Davam edən axtarış fəaliyyətləri çərçivəsində, "Pəncə-Kilid" əməliyyat bölgəsində yerləşən, əvvəllər xəstəxana məqsədilə istifadə olunduğu bilinən və terrorçulardan təmizlənmiş olan mağarada 2025-ci il 6 iyul tarixində aparılan axtarış-tarama əməliyyatı zamanı 19 hərbi qulluqçumuz metan qazına məruz qalıb, dərhal xəstəxanaya təxliyə olunublar; göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq beş qəhrəman hərbi qulluqçumuz şəhid olub.
Ərazidə xilasetmə işləri tam təchizatlı Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) və Türk Silhalı Qüvvələrinin (TSK) qruplarının koordinasiyalı fəaliyyəti ilə davam etdirilir. Bizləri dərin kədərə boğan bu acı hadisədə şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət, kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və əziz millətimizə başsağlığı və səbir, təsirlənmiş heyətə isə təcili şəfa diləyirik” - deyə, açıqlamada bildirilib.