BAKI, AzerVoice
Prezident Ərdoğan Dəməşqdəki kilsəyə hücuma sərt reaksiya verib.
AzerVoice xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın paytaxtı Dəməşqdə yerləşən Mar İlyas kilsəsinə edilən terror hücumunu sosial şəbəkə hesabında sərt şəkildə pisləyib.
Ərdoğan paylaşımında hücumda həyatını itirənlərin ailələrinə, Suriya xalqına və hökumətinə başsağlığı verərək yaralılara şəfa diləyib. O bildirib ki, bu cür alçaq terror aktları yalnız Suriyanın deyil, bütün regionun sabitliyini hədəf alır:
“Suriyanın sülh və təhlükəsizliyini, birlikdə yaşama mədəniyyətini və bölgənin sabitliyini hədəf alan bu terror aktına qarşı Suriya xalqı və hökumətinin yanındayıq.” - deyə o bildirib.
Türkiyə lideri əlavə edib ki, uzun illər davam edən qarşıdurmalar və zülmdən sonra gələcəyinə ümidlə baxmağa başlayan Suriyanın yenidən xaosa sürüklənməsinə icazə verilməyəcək.
Qeyd edək ki, Dəməşqdəki Mar İlyas kilsəsinə qarşı törədilən hücum nəticəsində ölən və yaralananlar olub. Hücumun məsuliyyətini hələlik heç bir qrup üzərinə götürməyib.