BAKI, AzerVoice
Biz zülmə qarşı dik durmağa davam edəcəyik.
AzerVoicexəbər verir ki, Türkiyənin
xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən “İslam
Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci
iclası”nda çıxış edib.
Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Mərkəzində baş tutan
sammitdə Fidan mühüm siyasi çağırışlarla çıxış edərək İsrailin
bölgədəki fəaliyyətlərini sərt tənqid edib.
Nazir qeyd edib ki, Türkiyə bölgədə ədalətin və sülhün təmin
olunması üçün qətiyyətlə mübarizəsini davam etdirəcək.
“Biz zülmə qarşı dik durmağa davam edəcəyik. İsrail bölgəni
fəlakətə sürükləyir.” - deyə o qeyd edib.
Xatırladaq ki, Sammit çərçivəsində Fidan İranın xarici işlər naziri Abbas Arakçi ilə də təkbətək görüş keçirib. Görüşdə İsrail-İran qarşıdurması, Qəzzadakı humanitar vəziyyət və regional diplomatik səylər müzakirə edilib.
Fidanın çıxışında bölgədə davam edən gərginliyin yalnız diplomatik yolla həll edilə biləcəyi vurğulanıb. O, İslam dünyasının daha birləşmiş mövqe sərgiləməsinin vacibliyinə toxunaraq İƏT-in ortaq səylərlə münaqişələrin qarşısını ala biləcəyini bildirib.
Qeyd edək ki, İƏT-in 51-ci iclası “Dəyişən Dünyada İslam Əməkdaşlıq Təşkilatı” mövzusu ilə keçirilir və toplantıya üzv ölkələrin onlarla xarici işlər naziri və nümayəndəsi qatılıb. İclasda Yaxın Şərqdə sülh, humanitar yardımların təşkili və nüvə təhlükəsi kimi məsələlər ön plandadır.