Əsas səhifə » Qarşıdurma davam etdikcə bağlı hava məkanları açılmayacaq - Uraloğlu

Qarşıdurma davam etdikcə bağlı hava məkanları açılmayacaq - Uraloğlu

BAKI,AzerVoice

İsrail və İran arasında qarşıdurma davam etdikcə bir sıra ölkələrə uçuşlar olmayacaq.

AzerVoice xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, İsrailin İrana hücumları ilə başlayan regional qarşıdurma fonunda İran, İraq, Suriya və İordaniyaya sivil uçuşların müvəqqəti dayandırıldığını açıqlayıb.

“Hazırda İran, İraq və İsrailin hava məkanları bağlıdır. Suriya kimi digər ölkələrin hava məkanları da zaman-zaman açılıb bağlanır. Qarşıdurma vəziyyəti davam etdiyi müddətdə bu məkanlar mülki uçuşların təhlükəsizliyi baxımından bağlı qalacaq. Biz də ölkəmizin hava yolu şirkətlərinin həmin bölgələrə olan uçuşlarını uyğun hava məkanlarından həyata keçiririk”- deyə Uraloğlu bildirib.

Uraloğlu qeyd edib ki, Türkiyə mülki aviasiya baxımından bölgəyə əsasən Misir üzərindən çıxış təmin edir, prosesi diqqətlə izləyirlər və vəziyyətə uyğun tədbirlər görülür.

Nazir Uraloğlu dənizlərdə hazırda hərbi qarşıdurmanın müşahidə olunmadığını bildirib.

“Türk bayraqlı və ya Türkiyəyə məxsus gəmilər üçün zəruri nəzarət həyata keçirilir. Hazırda ciddi bir risk yoxdur. Lakin vəziyyət dəyişərsə, qabaqlayıcı tədbirlər görüləcək və ictimaiyyət məlumatlandırılacaq”,- deyə o vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice