BAKI, AzerVoice
"Hizbullah", zərurət yarandığı təqdirdə İsrailə qarşı münaqişəyə İranın tərəfində qoşula bilər.
AzerVoice xəbər verir ki, Bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Məlumata əsasən, əgər hərəkat silahlı qarşıdurmaya müdaxilə etməyə qərar verərsə, İsrailə qarşı “ağır silahlardan” istifadə edəcək. Bu halda "Hizbullah" sadəcə yayındırıcı manevr kimi deyil, İsrailə qarşı tamhüquqlu hərbi rəqib kimi çıxış edəcək, çünki hələ də bu gücə malikdir. Lakin mənbə qeyd edir ki, belə bir addım yalnız İran rəhbərliyi vəziyyətə nəzarəti itirdiyini hiss edərsə atılacaq.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.
Həmçinin qeyd edək ki, "Hizbullah" İsrailin hava zərbələrini qətiyyətlə pisləyib və İran rəhbərliyi və xalqı ilə həmrəy olduğunu bildirib, lakin Tehranla birlikdə İsrailə qarşı hərbi əməliyyatlara başlayacağını elan etməyib.