Əsas səhifə » Türkiyə bayraqlı gəmilər üçün 3-cü təhlükəsizlik səviyyəsi tətbiq olunub

Türkiyə bayraqlı gəmilər üçün 3-cü təhlükəsizlik səviyyəsi tətbiq olunub

BAKI, AzerVoice

Türkiyə bayraqlı gəmilərin təhlükəsizlik səviyyəsi maksimuma çatdırılıb.

AzerVoice xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, İran limanlarına gedəcək və Hörmüz boğazında üzəcək Türkiyə bayraqlı gəmilər üçün təhlükəsizlik səviyyəsinin ən yüksək — 3-cü səviyyəyə qaldırıldığını açıqlayıb.

Nazir bildirib ki, bu qərar bölgədə İsrailin İrana hücumlarından sonra artan gərginlik və mümkün təhlükələr fonunda qəbul edilib. Beynəlxalq Gəmi və Liman Qurumu Təhlükəsizlik Məcəlləsi (ISPS) çərçivəsində qəbul edilən bu tədbir, Türkiyə bayraqlı gəmilərin mümkün təhlükələrə qarşı hazırlıqlı olmasını təmin etməyə yönəlib.

İyunun 17-dən qüvvəyə minən qərara əsasən, gəmilərdə təhlükəsizlik planları yenilənəcək, giriş-çıxış məhdudlaşdırılacaq, yükləmə və boşaltma əməliyyatları müvəqqəti dayandırıla bilər. Gəmiyə materialların qəbulunda ciddi yoxlamalar aparılacaq, bəzi hallarda isə bu materialların qəbuluna icazə verilməyəcək.

Nazir Uraloğlu əlavə edib ki, qadağan olunmuş ərazilərdə müşahidə və nəzarət tədbirləri gücləndiriləcək, bütün işıqlar yandırılaraq ətrafda tam nəzarət təmin ediləcək. Gəmidəki fəaliyyətləri qeydə alan müşahidə avadanlıqlarının yaddaş müddəti də maksimum səviyyəyə qaldırılacaq.

Qeyd edək ki, ISPS Məcəlləsi beynəlxalq dəniz təhlükəsizliyi standartlarını tənzimləyən və gəmi-liman münasibətlərində risklərin minimuma endirilməsini təmin edən sənəddir.

Digər Kateqoriyalar

2025 © Azervoice