BAKI, AzerVoice
Türk dünyası yeni dünya düzənində əsas fiqurlardan biri olacaq.
AzerVoice xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş TÜRKPA-nın 14-cü Baş Assambleyasının iclasında çıxışı zamanı Türk dünyasının beynəlxalq münasibətlər sistemində əsas fiqura çevriləcəyini bildirib.
O qeyd edib ki, Orta Asiyadan Avropaya qədər uzanan, təxminən 300 milyonluq Türk dünyası son 30 ildə müstəqillik qazanmış ölkələr vasitəsilə mühüm inkişaf yolu keçib.
“Bu ölkələr mədəni dəyərlərinə əsaslanaraq milli kimliklərini formalaşdırmağa, iqtisadi baxımdan isə davamlı inkişaf etməyə çalışırlar. Bu proses uğurla davam edir. Türk dünyasının birlik və həmrəyliyi onu çoxqütblü və çoxmərkəzli yeni dünya düzənində əsas fiqura çevirəcək”, – deyə o vurğulayıb.
Kurtulmuş çıxışında bildirib ki, bu potensial artıq Türk dünyasındakı siyasi liderlər tərəfindən də açıq şəkildə dərk olunmaqdadır. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının çevik və fəal fəaliyyəti, TÜRKPA-nın isə ortaq mövqelər ətrafında birləşməsi əhəmiyyətli irəliləyiş kimi qiymətləndirilir.
“Bu anlayış və təşəbbüskarlıq gələcəyə ümidlə baxmağımıza səbəb olur”, – TBMM sədri əlavə edib.
Qeyd edək ki, TÜRKPA-nın 14-cü iclası Türk dünyasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.