Əsas səhifə » İsrailin hədəfi təkcə İran deyil, həm də Türkiyədir - Bahçeli

İsrailin hədəfi təkcə İran deyil, həm də Türkiyədir - Bahçeli

BAKI, AzerVoice

Türkiyənin Milliyətçi Hərəkət Partiyasının (MHP) sədri Devlet Bahçeli İsrailin İrana qarşı həyata keçirdiyi hücumu sərt şəkildə tənqid edib.

AzerVoice xəbər verir ki, O, “Yüksələn Aslan” adlı əməliyyatın bölgədə sabitliyi daha da pozduğunu, son hədəfin isə Türkiyə olduğunu bildirib.

MHP lideri yazılı açıqlamasında qeyd edib ki, İsrailin ABŞ dəstəyi ilə İrana qarşı keçirdiyi əməliyyat bölgədə bütün qaydaların və tarazlıqların pozulması deməkdir. Onun sözlərinə görə, bu hücum yalnız İranı deyil, bütün bölgəni və xüsusilə Türkiyəni hədəfə alır. “İsrailin terror idarəsi ölkəmizin vizyonunu bağlamaq və Türkiyənin terrorsuz gələcək hədəflərinə zərbə vurmaq istəyir. Böhran və xaos spiralında pərdələnmiş son hədəf məhz Türkiyədir” - deyə o bildirib.

Bahçeli əlavə edib ki, İranın nüvə obyektlərinə, hərbi bazalarına və mülki hədəflərinə edilən hücumlar, eləcə də nüfuzlu şəxslərin qətlə yetirilməsi İsrailin planlı və məqsədli fəaliyyətini nümayiş etdirir.

MHP lideri həmçinin bildirib ki, beynəlxalq hüququn pozulduğu, təşkilatların susduğu indiki vaxtda yalnız sözlərlə kifayətlənmək kifayət etmir. “İsraili dayandırmaq milli təhlükəsizliyimiz və bölgə sabitliyi üçün zəruridir. Bu artıq tarixi məsuliyyətdir. Sionist hərəkətlərə qarşı güc tətbiq olunmalıdır, çünki başqa yol qalmayıb” - deyə o qeyd edib.

Qeyd edək ki, Bahçeli açıqlamasında ABŞ-ı da məsuliyyətə çağıraraq, bu ölkənin tarixin doğru tərəfində mövqe tutmalı olduğunu vurğulayıb. O, 14 iyunda ABŞ-ın bir çox ştatında keçiriləcək aksiyalara da diqqət çəkərək, bunun daxili sabitliyin pozulmasının göstəricisi olduğunu bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice