BAKI, AzerVoice
12 İyun, 2025-ci il tarixində, Astana şəhərində (Qazaxıstan) Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) “Türk Əsri: parlament diplomatiyasının rolu” mövzulu 14-cü plenar iclasında iştirak edib.
AzerVoice xəbər verir ki, iclasın keçirilmə məqsədi Türk Dünyası ölkələri arasında parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi, ortaq strateji hədəflərin müəyyənləşdirilməsi və “Türk Əsri” anlayışı çərçivəsində birliyin siyasi, iqtisadi, mədəni və hüquqi əsaslarının möhkəmləndirilməsidir.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova öz çıxışda, türk dünyasının mənəvi birliyini möhkəmləndirən belə platformaların əhəmiyyətini vurğulayıb. O bildirib ki, əsrlərlə cilalanmış ortaq türk mədəniyyətimizin dirçəldilməsi və gələcək nəsillərə ötürülməsi Fondun əsas missiyasıdır. Parlamentlərarası diplomatiyanı zəngin türk mirasının keşiyində duran körpü adlandıran xanım Raimkulova, bu əməkdaşlığın türk dövlətləri arasında etimad və həmrəyliyi dərinləşdirdiyini qeyd edib. O, həmçinin birgə təşəbbüslərin Türk dünyasında sabitlik və tərəqqiyə güclü təkan verdiyini xüsusi olaraq diqqətə çatdırıb.
Qazaxıstan Respublikası Parlamentinin Məclis sədri Erlan Koşanovun sədrliyi ilə keçirilən iclasda Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşımbayev, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Turgunbek Uulu, Türkiyə Respublikasının Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Özbəkistan Respublikasının Ali Məclisi Qanunvericilik Palatasının sədri Nuriddin İsmoyılov, eləcə də üzv və müşahidəçi dövlətlərin parlament nümayəndə heyətlərinin, türk əməkdaşlıq təşkilatlarının, beynəlxalq qurumların və digər tərəfdaş təşkilatların nümayəndələri iştirak ediblər.



