BAKI, AzerVoice
Eskişehirin torpaqlarında texnologiyanın əsası qoyulur.
AzerVoice xəbər verir ki, Türkiyənin
Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Eskişehir
vilayətində yerləşən nadir torpaq elementi yataqları ilə bağlı
açıqlama verib.
Nazir bu yataqların Türkiyənin texnologiya və enerji sahəsində
strateji mövqeyini gücləndirəcəyini bildirib.
“Gələcəyin xammalı olan nadir torpaq elementləri sayəsində enerjidə müstəqillik, texnologiyada sıçrayış, iqtisadiyyatda isə yeni bir dövr başlayacaq.” - deyə Nazir X (keçmiş Twitter) platformasında yaydığı videomesajda qeyd edib.
O, müdafiə sənayesindən kosmos texnologiyalarına, bərpa olunan enerjidən elektrikli nəqliyyat vasitələrinə qədər bir çox sahədə bu ehtiyatların əhəmiyyət daşıdığını vurğulayıb.
“Dünyanın ikinci ən böyük nadir torpaq elementi ehtiyatı tək bir sahədə yerləşir və bu, Türkiyəni qlobal miqyasda texnoloji mərkəzlərdən birinə çevirəcək.” - deyə Bayraktar əlavə edib.
Qeyd edək ki, Eskişehirdə aşkar edilən bu ehtiyatlar Türkiyənin strateji xammal bazasında mühüm rol oynamaqla yanaşı, texnoloji inkişaf üçün də geniş imkanlar vəd edir.