BAKI, AzerVoice
“Türkiyə infrastruktur sahəsində bizi geridə qoyur.”
AzerVoice xəbər verir ki, Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson Türkiyənin infrastruktur sahəsindəki inkişaflarını yüksək qiymətləndirərək, ölkəsinin bu sahədə geri qaldığını etiraf edib.
Conson bildirib ki, Türkiyədə hava limanları və yüksək sürətli qatar xətləri kimi böyük infrastruktur layihələri həyata keçirilərkən, Böyük Britaniyada yeni bir avtomobil yolu belə çəkilməyib.
“Türkiyənin tələbləri və dəyişikliklərin miqyası bizi geridə qoyur. Bu dinamika ruhlandırıcıdır,” – deyə Conson bildirib.
O qeyd edib ki, Türkiyənin son illərdəki dəyişimi diqqətəlayiqdir və bu ölkənin Qərblə Şərq arasında mühüm bir rola sahib olduğu danılmazdır. Conson həmçinin Türkiyənin NATO üzvü kimi regionda sülh və sabitlik üçün mühüm vasitəçi olduğunu vurğulayıb.
Conson, Türkiyənin Ukraynadakı müharibənin sona çatması üçün göstərdiyi vasitəçilik səylərini də yüksək qiymətləndirərək, “Türkiyə sülhün əldə olunmasında aktiv rol alır,” - deyə bildirib.
Panelin digər iştirakçılarından biri – HUV Vəqfinin prezidenti Ahmet Eren isə tədbirin qlobal səviyyəli adlarla aktual mövzuları müzakirə etmək imkanı yaratdığını qeyd edib.
Qeyd edək ki, paneldə vitse-prezident Cevdet Yılmaz, Dünya Ticarət Təşkilatının keçmiş baş direktoru Roberto Azevedo və bir sıra tanınmış iqtisadçılar və iş adamları iştirak ediblər.