BAKI, AzerVoice
İnterpolun axtarış siyahısında olan 23 beynəlxalq cinayətkar Türkiyədə tutulub.
AzerVoicexəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya Almaniya, ABŞ, Rusiya və daha səkkiz ölkə tərəfindən İnterpol xətti ilə axtarışa verilmiş 23 şübhəlinin genişmiqyaslı əməliyyatlar zamanı saxlanıldığını açıqlayıb.
Əməliyyatlar Antalya, Aydın, İstanbul, Muğla, İzmir və Bursa vilayətlərində, baş prokurorluqlar, Təhlükəsizlik Kəşfiyyatı Baş İdarəsi, KOM və İnterpol-Avropol Departamenti ilə birgə koordinasiyada aparılıb.
Ali Yerlikayanın sözlərinə görə, tutulmuş şəxslərdən 13-ü İnterpolun qırmızı bülletenlə, 1-i mavi bülletenlə, 9-u isə yayılma mesajı ilə beynəlxalq axtarışda olub. Onlar cinayətkar təşkilatlara üzvlük, adam öldürmə və narkotik alveri kimi ağır ittihamlarla əlaqələndirilirlər.
Saxlanılan şübhəlilər İl Mühacirət İdarəsinə təhvil verilib və onların deportasiya prosedurlarına dərhal başlanılıb. Nazir vurğulayıb ki, beynəlxalq mütəşəkkil cinayətkar qruplara, miqrant qaçaqmalçılığı şəbəkələrinə və narkotik cinayətlərinə qarşı mübarizə qətiyyətlə davam etdiriləcək.
Qeyd edək ki, saxlanılan şəxslər Almaniya, Rusiya, ABŞ, Özbəkistan, Türkmənistan, İran, İraq, Əlcəzair, Qazaxıstan, Albaniya və Tacikistan tərəfindən axtarışda olub.