BAKI, AzerVoice
Avropa İttifaqının müdafiə proqramına Yunanıstandan reaksiya- “Türkiyənin yolu açılır”.
AzerVoice xəbər verir ki, Avropa Şurası 150 milyard avroluq SAFE (Avropa üçün Təhlükəsizlik Fəaliyyəti) proqramını təsdiqlədikdən sonra Yunanıstan mediasında Türkiyənin proqramda iştirakı ilə bağlı narahatlıq dolu reaksiyalar səsləndirilib.
SAFE proqramı çərçivəsində Avropa İttifaqı raket sistemləri, sursat, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə texnologiyalarının birgə maliyyələşdirilməsi üçün aşağı faizli kreditlər təqdim etməyi planlaşdırır. Türkiyənin proqramda iştirak etməsi ehtimalı isə Yunan mətbuatında “milyard avroluq rəqabət” kimi dəyərləndirilib.
Yunanistanın Türkiyəni proqramdan uzaq tutmaq cəhdlərinə cavab olaraq, Türkiyə Milli Müdafiə Nazirliyi bəyan edib ki, Türkiyə Avropa təhlükəsizlik arxitekturasının ayrılmaz bir hissəsidir və bu rolun görməməzlikdən gəlinməsi cəhdləri uğursuzluğa məhkumdur.
Yunan mediası, xüsusilə “Kathimerini” qəzeti yazısında qeyd olunur ki, Türkiyənin bu proqramda iştirakına əsas səbəb “Ukraynadan sonra ən uzun sahil xəttinə sahib ölkə” olmasıdır.
Yunanıstanın “Business.gr” nəşri bildirir ki, İtaliyanın Piaggio və Türkiyənin Baykar şirkətləri SAFE proqramına müraciət edərsə və İtaliya hökuməti Baykarın iştirakına zəmanət verərsə, Yunanıstan bu qərara müdaxilə edə bilməyəcək. Mövcud qaydalara əsasən, bu cür layihələrin yekdilliklə təsdiqi tələb olunmur.
“Ta Nea” qəzeti isə vurğulayır ki, qərar üçüncü ölkələrə – o cümlədən Türkiyəyə yol açır. Lakin tənzimləmə bu ölkələrin təhlükəsizlik baxımından qiymətləndirilməsi və risk halında iştiraklarının məhdudlaşdırılması üçün hüquqi imkanlar da təqdim edir.
Qeyd edək ki, Baykar şirkəti İtaliyanın Piaggio şirkətini alaraq Avropa müdafiə konsorsiumlarında iştirak planlarını genişləndirib və mart ayında İtaliyanın Leonardo şirkəti ilə pilotsuz texnologiyalar üzrə əməkdaşlıq sazişi imzalayıb. Ekspertlərə görə, qarşıdakı on ildə Avropa bazarında pilotsuz döyüş texnologiyaları 100 milyard dollar həcmində iqtisadi dəyərə çatacaq.