BAKI, AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Cənubi Qafqazda sülh və sabitlik çağırışı edərək, Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarından məmnunluğunu ifadə edib.
AzerVoice xəbər verir ki, o, bu sözləri jurnalistlərin Zəngəzur dəhlizi və Laçın dəhlizinin açılması ehtimalı ilə bağlı sualına cavab olaraq deyib.
“Biz Cənubi Qafqazda toqquşmaları deyil, əmin-amanlıq və barış
görmək istəyirik. Bölgədə əldə olunacaq davamlı sülh hər kəsə
qazandıracaq. Azərbaycan-Ermənistan arasında sülh danışıqları bizi
məmnun edir. Bu prosesi yaxından izləyirik və zəruri töhfələri
veririk. Əldə ediləcək sülh həm Azərbaycan, həm Ermənistan, həm də
ölkəmiz üçün dəyərlidir.”-deyə o bildirib.
Zəngəzur dəhlizi ilə bağlı danışan Türkiyə lideri, bu dəhlizin
təkcə Naxçıvanla Azərbaycan arasında quru əlaqə olmadığını, həm də
türk dünyasına uzanan strateji bir inteqrasiya xətti olduğunu
vurğulayıb:
“Zəngəzur dəhlizi, Azərbaycan üçün yalnız Naxçıvanla quru əlaqə
deyil, həm də Türkiyə üzərindən Türk dünyasına uzanan yeni
inteqrasiya xəttidir. Bu keçidin qısa zamanda açılması, Qafqazda
nəqliyyat və enerji infrastrukturunu da gücləndirəcək.”-deyə o
əlavə edib.