Əsas səhifə » Suriyanın ərazi bütövlüyü mütləq qorunmalıdır - Ərdoğan

Suriyanın ərazi bütövlüyü mütləq qorunmalıdır - Ərdoğan

BAKI, AzerVoice

Suriyanın ərazi bütövlüyü və milli birliyi mütləq şəkildə qorunmalıdır.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Bu istiqamətdə əldə olunan razılaşmanı daha əvvəl müsbət qarşıladığımızı bəyan etmişdik. Ancaq görürük ki, Suriya Demokratik Qüvvələri hələ də vaxt udmaq taktikasını davam etdirir. Bu yanaşmadan imtina olunmalıdır”- deyə, Ərdoğan qeyd edib.

O əlavə edib ki, razılaşdırılan müddəaların tətbiqini yaxından izləyirlər və əsas məsələ razılaşmadakı təqvimə uyğun şəkildə əməli addımların atılmasıdır.

“Suriya Prezidenti cənab Əhməd əş-Şəraa ilə apardığımız danışıqlar da bu istiqamətdə olub. Hazırda ‘terrorsuz Türkiyə’ prosesində hər hansı bir problem və ya maneə görünmür. İnkişaflar müsbət istiqamətdə davam edir. Bəzi təxribatçı səslərə baxmayaraq, verilən mesajlar çox normal, konstruktiv və müsbətdir”- deyə, Türkiyə prezidenti qeyd edib.

Ərdoğan əlavə edib ki, Türkiyə ilə Suriya arasında rəsmi görüşlər davam edir və bu prosesə zərər vermək istəyənlərə qarşı ehtiyatlı yanaşma sərgiləyirlər.

“Bu prosesə xələl gətirmək istəyənlərə fürsət verməyəcəyik. Çünki məqsədimiz çox aydındır. Türkiyənin uzun illərdir vaxt itirməsinə, insanlarımızın həyatını itirməsinə və düşmənlərimizin əlini gücləndirməsinə səbəb olan bu terror problemini aradan qaldırmaq istəyirik. İndiyə qədər heç vaxt bu qədər irəliləyiş əldə etməmişdik. ‘Terrorsuz Türkiyə’ hədəfimizə çatacağıq. Nə ediriksə, ölkəmiz Türkiyə üçün edirik. Nə ediriksə, millətimizin rifahı və təhlükəsizliyi üçün edirik. Xalqımızı narahat edəcək heç bir danışıqlarda iştirak etmərik. Biz xalqımıza güvənirik, biz qardaşlığın gücünə inanırıq”- deyə, o əlavə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice