Əsas səhifə » Türkiyədə fırıldaqçı şəbəkələrə qarşı əməliyyat keçirilib

Türkiyədə fırıldaqçı şəbəkələrə qarşı əməliyyat keçirilib

BAKI, AzerVoice

Türkiyədə dələduz cinayət şəbəkələrinə qarşı keçirilən əməliyyatda 64 nəfər saxlanılıb.

AzerVoice xəbər verir ki, Türkiyənin Antalya, Artvin, Adana və Balıkəsir vilayətlərində fəaliyyət göstərən 4 mütəşəkkil fırıldaqçı cinayət təşkilatına qarşı keçirilən əməliyyatlar zamanı ümumilikdə 64 nəfər şübhəli saxlanılıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında açıqlama verib. O bildirib ki, cinayətkar qrupların ümumi hesab dövriyyəsi 1 milyard 785 milyon TL təşkil edir.

“Heç bir cinayət və cinayətkar cəzasız qalmayacaq. Mütəşəkkil cinayət şəbəkələrinə qarşı qətiyyətli mübarizəmiz davam edir.” - deyə Nazir Ali Yerlikaya əməliyyatları uğurla keçirən hüquq-mühafizə orqanlarının əməkdaşlarını təbrik edərək bildirib.

Antalya, Artvin, Adana və Burhaniye Respublika Prokurorluqları, Jandarma Ümumi Komandanlığının KOM şöbəsi və İl Jandarma Komandirliklərinin birgə təşkilatçılığı ilə həyata keçirilən əməliyyatlar nəticəsində 64 şübhəlinin 35-i həbs edilib, 29-u barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub.

Aparılan istintaqla müəyyən edilib ki, şübhəlilər Antalyada saxta reseptlərlə psixotrop dərmanlar satıb, Artvində məhsul satan şirkətlərdən müştəri məlumatlarını əldə edərək özlərini hüquqşünas, maliyyə müşaviri və mühasib kimi təqdim edərək insanları aldadıb və "hesab bağlama" adı ilə pullar tələb ediblər, Adana və Balıkəsirdə saxta əlillik hesabatları hazırlayaraq qanunsuz yolla sosial yardımlar əldə edilməsinə şərait yaradıblar.

Onlara qarşı "mütəşəkkil cinayətkar təşkilat qurmaq", "narkotik vasitələrin satışı", "rəsmi sənədlərin saxtalaşdırılması", "rüşvət alma", "dövlət qurumlarının zərərinə dələduzluq", "şəxsi məlumatların qanunsuz əldə edilməsi" və "cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması" kimi maddələr üzrə istintaq başladılıb.

Əməliyyat zamanı çoxsaylı lisenziyasız silahlar, saxta sağlamlıq sənədləri, bank və kredit kartları, kompüter və rəqəmsal daşıyıcılar müsadirə olunub. MASAK (Maliyyə Cinayətlərini Araşdırma Şöbəsi) tərəfindən aparılan araşdırmalarda şübhəlilərin 1 milyard 785 milyon TL həcmində maliyyə dövriyyəsi müəyyən edilib.

Müsadirə edilən əmlaka 402 bank hesabı, 18 kriptovalyuta hesabı, 2 ev, 5 nəqliyyat vasitəsi və 12 avtomobil daxildir.

Digər Kateqoriyalar

2025 © Azervoice