BAKI,
AzerVoice
Nazir Uraloğlu Çinin nəqliyyat naziri Liu Vey ilə görüşüb/
AzerVoice xəbər verir ki, Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Çinə səfəri çərçivəsində Pekində Çin nəqliyyat naziri Liu Vey ilə görüş keçirib.
Görüşdə Türkiyənin tarixi İpək Yolunun başlanğıcı və Avropaya açılan qapı kimi Çin ilə nəqliyyat əlaqələrinin əhəmiyyəti vurğulanıb.
Uraloğlu Türkiyənin Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm tranzit nöqtəsi olduğunu, bölgədəki münaqişələrə baxmayaraq sabitliyini qoruduğunu qeyd edib. O, iki ölkə arasında dəmir yolu və yük daşımaları sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin mümkünlüyünü bildirib.
Son zamanlar imzalanan protokolla hava daşımalarında 21 hava yolu tezliyinin 49-a çatdırıldığını xatırladan nazir, Çin tərəfinin dənizçilikdə əməkdaşlıq protokolunu yekunlaşdırmağa hazır olduğunu da qeyd edib.
Çin naziri Liu Vey də Türkiyə ilə nəqliyyat sahəsindəki məhsuldar əməkdaşlığa diqqət çəkib. Liu, Çin daşıyıcılarının Çin-Avropa və Transxəzər Dəmiryolu Ekspresi üzərindən Türkiyə vasitəsilə yük daşımalarını həyata keçirdiyini və litium-ion batareyalar kimi mühüm məhsulların bu yolla ixrac edildiyini bildirib.
Liu həmçinin yaşıl nəqliyyatın inkişafında Türkiyə və Çin arasında beynəlxalq əməkdaşlıq potensialına toxunaraq, bu sahədə protokol imzalanması və limanlar ilə gəmiçilik şirkətlərinin bu təşəbbüsə cəlb edilməsini təklif edib.
Görüşün sonunda tərəflər gələcək texniki səviyyədə təmasları əlaqələndirmək üçün nümayəndə heyətlərindən rəsmi şəxslər təyin ediblər.
Qeyd edək ki, Nazir Uraloğlu 20-23 may tarixlərində Çinə səfər edib. Pekin, Xian və Sincan şəhərlərində keçirilən görüşlərdə İpək Yolunun müasir forması olan “Dəmir İpək Yolu” çərçivəsində nəqliyyat dəhlizləri və əməkdaşlıq imkanları müzakirə olunub.
Xian şəhərində keçirilən 9-cu İpək Yolu Beynəlxalq Sərgisində çıxış edən Uraloğlu, şəhərin İpək Yolunun başlanğıc nöqtəsi və mühüm logistika bazası olduğunu vurğulayıb. O, həmçinin Sian və Şinçin şəhərlərində telekommunikasiya və otonom sürücülük texnologiyaları sahəsində Türkiyədə fəaliyyət göstərən Çin şirkətləri ilə danışıqlar aparıb.
Uraloğlu qeyd edib ki, Türkiyə regionda logistika və paylama mərkəzi olaraq Çin şirkətləri üçün əhəmiyyətli potensiala malikdir və bu potensialdan istifadə olunması üçün layihələr hazırlanması barədə razılıq əldə olunub.
Görüşdə avtomobil, dəmir yolu, hava və dəniz nəqliyyatı üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə edilib. Gömrük keçidlərindəki problemlərin aradan qaldırılması və dəmir yolu blok qatarlarının istismarı məsələləri də gündəmdə olub.
Uraloğlu səfərin ən vacib nəticəsi kimi hər iki tərəfin əlaqələri koordinasiya etmək üçün rəsmi nümayəndə təyin etməsini göstərib və yaxın gələcəkdə texniki səviyyədə problemlərin müzakirə edilərək həll olunacağını bildirib.