BAKI, AzerVoice
İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı korrupsiya əməliyyatında 44 nəfər saxlanılıb.
AzerVoice xəbər verir ki, İstanbul
Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı
çərçivəsində bələdiyyəyə bağlı İSTAÇ, KİPTAŞ və Yol İstismar
İdarəsində qanun pozuntuları aşkarlanıb.
İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə həyata keçirilən
əməliyyatda 44 nəfər saxlanılıb.
İstintaqa görə, saxlanılanlar sırasında İBB-nin sədri olmuş Əkrəm İmamoğlunun şəxsi katibi Kadriye Kasapoğlu, mühafizə meneceri Mustafa Akın, baş katibin müavini Gürkan Alpay, KİPTAŞ İdarə Heyətinin sədri Əli Kurt və İSTAÇ İdarə Heyətinin sədri Ziya Gökmen Toğay da yer alır.
Şübhəlilər barəsində “cinayətkar təşkilata rəhbərlik etmək”, “cinayət təşkilatına üzv olmaq”, “hədə-qorxu ilə tələb etmə”, “məlumatların qanunsuz əldə olunması” və “tender saxtakarlığı” kimi ittihamlarla araşdırma aparılır.
İstanbul, İzmir, Trabzon, Antalya, Tunceli və Kocaeli şəhərlərində eyni vaxtda keçirilən əməliyyatlar İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən həyata keçirilib.
Əməliyyat nəticəsində 44 şübhəli yaxalanıb, digərlərinin tutulması istiqamətində axtarışlar davam edir.
Qeyd edək ki, bu, İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan dördüncü korrupsiya dalğasıdır. İttiham olunanların bəziləri daha əvvəlki əməliyyatlarda saxlanılaraq məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmışdı.