BAKI, AzerVoice
Türkiyədən enerji sahəsində mühüm addım- 75 milyard kubmetr həcmində təbii qaz kəşf edilib.
AzerVoice xəbər verir ki, Türkiyənin
Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Göbektəpə-3
quyusunda 75 milyard kubmetr həcmində yeni təbii qaz ehtiyatının
aşkar edildiyini bildirib.
Nazir bu kəşfin Türkiyənin enerji sahəsində tam müstəqillik
hədəfinə doğru mühüm bir addım olduğunu qeyd edib.
Bayraktar çıxışında bildirib ki, yeni qaz yatağının iqtisadi dəyəri təxminən 30 milyard dollar civarındadır. Onun sözlərinə görə, bu həcmdə qaz ölkənin ev təsərrüfatlarının təbii qaz tələbatını təxminən 3,5 il müddətinə qarşılayacaq potensiala malikdir.
Nazir Bayraktar yeni kəşfin Türkiyənin enerji sektorunda strateji transformasiya siyasətinin bir parçası olduğunu vurğulayıb. “Artıq dağlarımızda 81 min barel neft hasil edən bir Türkiyə var. Enerjidə xarici asılılığa son qoymaq üçün yeni kəşflər davam edir”, – deyə o qeyd edib.
O, həmçinin bölgədə terrorun aradan qaldırılması ilə yanaşı, iqtisadi fəaliyyətlərin də artdığını bildirib. “Kabar bölgəsi bu gün 2 milyard TL-lik iqtisadi dəyər yaradır”- deyə o qeyd edib.
Nazir Bartın vilayətində bu il təbii qazla təmin olunmamış iki bölgəyə qazın çatdırılacağını da açıqlayıb. “Kəndlərin də təbii qaza ehtiyacı var. Əhalinin rifahı və kəndlərdə yaşamağın davamlılığı bizim üçün prioritetdir. Hörmətli Prezidentimiz 2022-ci ildə bu istiqamətdə açıq və qətiyyətli mövqe ortaya qoymuşdu: ‘Bütün evlərə təbii qaz göndərəcəyik’”, – deyə Bayraktar bildirib.
Nazir həmçinin yüksək keyfiyyətli kömür hasilatı və mineral ehtiyatların dəyərləndirilməsi istiqamətində işlərin davam etdiyini, lakin bu prosesdə işçi təhlükəsizliyinin hər zaman ön planda olduğunu vurğulayıb.
Bayraktar enerji sahəsində görülən işlərin arxasında geniş və əzmkar bir kollektivin dayandığını qeyd edib. “Bu uğurlar sadəcə bir nazirin fəaliyyəti ilə deyil, yüz minlərlə insanın əmək və əzmi ilə reallaşır. Keçən il 2 min yeni mədənçi bizə qoşuldu. Bu il də yeni işə qəbullar gözlənilir”- deyə o bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Göbektəpə-3 quyusu ilə bağlı xoş xəbəri ictimaiyyətlə bölüşüb. “Yeni qaz yatağında 75 milyard kubmetr həcmində ehtiyat aşkarlanıb. Bu ehtiyat təkcə ev təsərrüfatlarının ehtiyaclarını 3,5 il qarşılaya bilər”, – deyə Prezident bildirib və onun iqtisadi dəyərinin 30 milyard dollar olduğunu vurğulayıb.