Əsas səhifə » Almaniyada barın qarşısında silahlı insident baş verib

Almaniyada barın qarşısında silahlı insident baş verib

BAKI, AzerVoice

Almaniyanın Bilefeld şəhərindəki barlardan birində ötən gecə baş verən bıçaqlı hücumda azı beş nəfər yaralanıb.

AzerVoice xəbər verir ki, bu barədə Bild qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 04:20 radələrində "Cutie" adlı barın qarşısında baş verib. Yaralananlardan üçü ağır vəziyyətdədir. Hadisənin terror aktı olması ehtimalı istisna edilmir.

İlkin istintaq məlumatına görə, cinayətkar hücum zamanı yalnız bıçaqla deyil, həm də dəyənəklə silahlanmış olub və qarşısına çıxan hər kəsə hücum edib.

Cinayətkar hadisə yerindən qaçıb, lakin özü ilə gətirdiyi çantasını orada unudub. Həmin çantada silah, alışqan maye olan butulka və Almaniyada yaşayış icazəsi daşıyan suriyalı vətəndaşa məxsus sənəd tapılıb.

Hazırda hücum edən şəxs axtarışdadır. Hadisə ilə bağlı istintaq davam etdirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice