BAKI, AzerVoice
Türkiyə, əcnəbi tələbələrin sayına görə dünyada ən çox beynəlxalq tələbə qəbul edən ilk 10 ölkə sırasına daxil olub.
AzerVoice xəbər verir ki, Türkiyə
Ticarət Nazirliyinin yaydığı açıqlamaya görə, ölkə beynəlxalq
tələbə sayına görə dünya reytinqində ilk onluğa daxil olub.
Bildirilib ki, 2020-ci ildə Türkiyənin dünya üzrə beynəlxalq tələbə
siyahısında 2,9 faiz təşkil edirdisə, son məlumatlara əsasən bu
göstərici 3,5 faizə yüksəlib. Nazirliyin açıqlamasında həmçinin
vurğulanıb ki, bu məqsədlə “Türkiyədə təhsil” brendi ilə beynəlxalq
yarmarkalar təşkil edilib, Qazaxıstan, ABŞ, Fransa, İraq və
Almaniya kimi ölkələrdən universitetlərin iştirakı ilə 5 milli
iştirak proqramı həyata keçirilib.
Nazirlik qeyd edib ki, təhsil xidmətləri sahəsində həyata keçirilən reklam, tanıtım və marketinq fəaliyyətləri, beynəlxalq təşkilatlara üzvlük, brendlərin qeydiyyatı və qorunması istiqamətində dəstəklər davam edir. 2024-cü ildə təhsil xidmətlərinin ixracı 2 milyard 865 milyon dollara çatıb ki, bu da 2012-ci illə müqayisədə 15 dəfəlik artım deməkdir. Bundan başqa, 2024-2025-ci tədris ili etibarilə Türkiyədə təhsil alan əcnəbi tələbələrin sayı 211 min 113 nəfərə yüksəlib və bu tələbələr dünyanın 180 fərqli ölkəsini təmsil edir. Nazirlik 2025-ci ildə də təhsil sektorunda ixracı daha da inkişaf etdirmək üçün beynəlxalq görüşlər, seminarlar və yeni əməkdaşlıq mexanizmlərini davam etdirməyi planlaşdırır.
Qeyd edək ki, təhsil sektorunun inkişafı istiqamətində Ali Təhsil Şurası və Milli Təhsil Nazirliyi ilə koordinasiyalı şəkildə aparılan fəaliyyətlər nəticəsində Türkiyə qlobal təhsil bazarında daha güclü mövqe qazanıb və bu sahədə beynəlxalq rəqabət qabiliyyətini artırıb.